22 avqust 2013 00:16
Son cəhd: Bu dəfə uğurlu alınacaqmı?
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilir. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” bu mərhələdəki ilk oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avroliqada “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” təmsil edirdi. Amma Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”nin ardınca “İnter” və “Xəzər Lənkəran” da mübarizəni dayandırdı. Bu üzdən də hazırda Azərbaycan futbolsevərlərinin bütün ümidləri Ağdam klubuna yönəlib.
“Qarabağ” Avroliqada oynamaq hüququnu Premyer Liqamızın gümüş mükafatçısı kimi qazanıb. Qurban Qurbanovun komandası bu turnirin ilkin təsnifat mərhələsində Makedoniya “Metallurg”unu hər iki oyunda 1:0 hesabıyla məğlub etdi. İkinci təsnifat mərhələsində isə təmsilçimiz Polşa “Piast”ı ilə qarşılaşdı. İlk oyunda 2:1 hesabıyla qalib gələn təmsilçimiz cavab matçında 90 dəqiqəni 1:2 hesablı yenilgiylə tamamladı. Amma Qlivitsedəki görüşün əlavə vaxtında gələn bərabərlik qolu “Qarabağ”ı üçüncü təsnifat mərhələsinə çıxardı. Nəhayət, üçüncü təsnifat mərhələsində Qurbanovun yetirmələri İsveçin “Gefle” klubunu həm evdə (1:0), həm də səfərdə (2:0) məğlub etməklə, pley-offa yüksəlib.
Bu mərhələdə isə Ağdam klubu Almaniyanın “Eintracht” kollektivini mübarizədən kənarlaşdırmalıdı. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirir. Bu üzdən də üstünlük müəyyən mənada almanların tərəfindədi. Çünki ilk görüşün nəticəsindən asılı olmayaraq, rəqib cavab matçını evdə, doğma azarkeşlərinin gözü qarşısında keçirəcək və psixoloji üstünlüyə malik olacaq.
Lakin “Eintracht” “Qarabağ” üçün heç də keçilməz rəqib deyil. Komandamız Bundesliqa klubunu mübarizədən kənarlaşdıra bilər. Sadəcə, Ağdam klubu bunun üçün çox ciddi hazırlaşmalı, bütün imkanlarını səfərbər etməlidi.
“Eintracht” Futbol Klubu 1899-cu ildə, martın 8-də yaradılıb. Almaniya futbolunun önəmli klublarından biri olan Frankfurt şəhərinin 114 yaşlı təmsilçisi Bundesliqanın qurucularından biridi. 1959-ci ildə çempion olan komanda 1991/92 mövsümündə çempionluğu son anda “Stuttgart”a güzəştə getməli olub. “Eintracht” tarixi ərzində 4 dəfə Almaniya Kubokunu qazanıb – 1974, 1975, 1981, 1988. Frankfurt klubu 1995/96, 2000/01, 2003/04 və 2010/11 mövsümlərində uğursuz çıxış edərək ikinci Bundesliqaya düşsə də, sonradan yenidən yüksək liqaya qayıda bilib. Komanda son mövsümdə 6-cı pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
“Qarabağ”ın rəqibinin Avropada da uğurları yetərincədi. 1980-ci ildə komanda UEFA Kubokunun qalibi olub. Həmin vaxt finalda Münhenqladbax “Borussia”sı ilə qarşılaşan Frankfurt təmsilçisi iki oyunun nəticəsinə görə rəqibindən üstün olub (2:3, 1:0). 1967-ci ildə İntertoto Kubokunun finalında Slovakiyanın “İnternasional” klubunu yenən (1:1, 3:2) komanda 1960-cı ildə Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) finalında “Real”a 3:7 hesabı ilə yenilib. “Eintracht” 1976-cı ildə UEFA Kubokunun yarımfinalında, 1978, 1994 və 1995-ci illərdə isə 1/4 finalında oynayıb.
Göründüyü kimi, bu komandanın son illərdə ciddi uğurları olmasa da, əslində "Eintracht" çox təhlükəli rəqibdi. Hər halda bunu komandanın son mövsümdə Bundesliqadakı çıxışı və nəticələri də sübut edir. Baxmayaraq ki, frankfurtlular yeni mövsümə o qədər də uğurlu başlamayıblar. Komanda Bundesliqanın yeni mövsümündə iki oyun keçirib və onları məğlub başa vurub. Cəmi 1 qol vuran “Eintracht” öz qapısında 8 top buraxıb.
“Eintracht” ev oyunlarını “Waldstadion”da keçirir. 51 500 azarkeş tutumuna malik olan stadion 2005-ci ildə imzalanan reklam anlaşmasına əsasən “Commerzbank-Arena” adlanır. Komandanın baş məşqçisi Armin Fedi. Futbolçu karyerası ərzində “Augsburg”, “Borussia” (Münhenqladbax), “St. Gallen”, “Schwaben Augsburg”, “SpVgg Bayreuth” klublarında oynayan mütəxəssis məşqçiliyə 1990-ci ildə “Augsburg”da başlayıb. Daha sonra ardıcıl olaraq “Greuther Fürth”, “Reutlingen”, “Hansa Rostock”, “Stuttgart”, “Wolfsburg”, “Hamburger” klublarını çalışdıran 52 yaşlı Fe 2011-ci ildən “Eintracht”a başçılıq edir.
“Eintracht”ın kapitanı İsveçrə yığmasının üzvü Pirmin Şveqlerdi. O, 2009-cu ildən bu komandada çıxış edir. 26 yaşlı mərkəz müdafiəçisindən başqa “Eintracht”da Peru, Yaponiya, İspaniya, Xorvatiya, Kot`D-İvuar, Filippin, Braziliya və Türkiyədən olan daha 8 legioner çıxış edir. Onların əksəriyyəti milli komandalarının üzvləridi.
Bütövlükdə, “Eintracht” Avroliqa üçün 23 futbolçu sifariş edib. Onlardün üçü qapıçı, yeddisi müdafiəçi, on biri yarımmüdafiəçi, ikisi hücumçudu:
Qapıçılar: 1. Kevin Trapp, 30. Feliks Vidvald, 32. Aykut Özer;
Müdafiəçilər: 4. Marko Russ, 5. Karlos Zambrano, 6. Bastian Oçzipka, 15. Konstant Dyakpa, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 24. Sebastyan Yunq;
Yarımmüdafiəçilər: 7. Yan Rozental, 8. Takaşi İnui, 13. Martin Laniq, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 17. Stefan Şrök, 18. Yohannes Flum, 19. Marvin Bakalorz, 20. Sebastiyn Rode, 27. Pirmin Şveqler, 28. Sonni Kittel;
Hücumçular: 9. Xoselu, 11. Srdan Lakiç.
“Qarabağ”a gəlincə, komandamız Avroliqanın yeni mövsümündə, eləcə də Premyer Liqada pis təsir bağışlamır. Ağdam klubu keçirdiyi altı avrokubok matçından beşində qələbə qazanıb. Premyer Liqadakı üç görüşdə də bu komanda ardıcıl qələbələr qazanmaqdadı. “Qarabağ” bu yay beş transfer həyata keçirib. Son mövsümü icarə əsasında “Simurq”da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın “Nijmegen” klubundan Leroy Corcu, Almaniyanın “Bohum” komandasından Nikolas Gelaşvilini, İordaniyanın “Shahab Al Ordon” klubundan Ulrix Kapolonqonu, Yunanıstan “Olimpiakos”undan Çumbinyonu heyətinə qatıb.
Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç.
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə, 70. Çumbinyo.
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo.
Göründüyü kimi, “Qarabağ” fövqəladə gücə malik olmayan rəqibi ilə müqayisədə müəyyən qədər geri qalsa da, əslində çox zəif də deyil. Düzdü, istənilən halda Ağdam klubunu çox ciddi sınaq gözləyir. Çünki rəqib böyük beşlik ölkələrindən birini elita təmsilçisidi. Amma istənilən halda ağdamlılar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün çox yaxşı şansa malikdi və belə fürsəti dəyərləndirməmək günah olar. Bu oyuna daha yaxşı hazırlıq keçməklə, rəqibi düzgün analiz etməklə, ağıllı oyunla, meydanda maksimum güc sərf etməklə “Eintracht”ı da mübarizədən kənarlaşdırmaq mümkündü. Ən azından ona görə ki, bütün futbol ictimaiyyəti və azarkeşlər buna həm inanır, həm də gerçəkləşməsini çox arzulayır. Niyə də ötən il “Neftçi”nin imza atdığı bu tarixi nailiyyəti bu mövsüm başqa bir klubumuz təkrarlamasın?
Yeri gəlmişkən qeyd edək ki, “Qarabağ”la rəqibi arasında müəyyən səviyyə fərqi də var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Avropada ən reytinqli klubumuz olan “Qarabağ” hazırda 190-cı pillədə qərarlaşıb. Lakin Almaniya klubu təmsilçimizi bu siyahıda da xeyli qabaqlayır. “Eintracht” 107-ci yerdə gedir.
“Qarabağ” belə bir rəqiblə dueldə cütün taleyini doğma azarkeşlərinin gözü önündə həll etməyə borcludu. Bunun üçün təmsilçimiz öz qapısının toxunulmazlığını qorumaq şərti ilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdı. Əks halda səfərdə keçiriləcək cavab görüşündə təmsilçimizin işi daha da çətin olacaq. Ümid edək ki, bu dəfə də “Qarabağ” qarşıya qoyulan məqsədə nail ola biləcək. Tarixində bir neçə dəfə pley-off mərhələsinə qədər irəliləyən təmsilçimiz nəhayət bu dəfə qrup mərhələsinə vəsiqəni təmin etmək üçün bütün səylərini səfərbər etməlidi.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.375 reytinq xalı var. Onun da 2.500 xalı cari mövsümdə qazanılıb. Bundan 1.375 xal “Qarabağ”ın, 0.625 xal “İnter”in, 0.375 xal “Xəzər Lənkəran”ın, 0.125 xal isə “Neftçi”nin payına düşür.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
22 avqust
21:00. Qarabağ - Eintracht
Baş hakim: Şimon Marçinyak (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
