23 avqust 2013 02:53
Premyer Liqada Böyük tur
Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, 3 gün ərzində baş tutacaq beş oyundan üçü Bakıda, ikisi kənarda keçiriləcək.
İlk oyun günündə bir görüş baş tutacaq. AZAL öz meydanında “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Son 2 mövsümün hərəsində 4 dəfə üz-üzə gələn komandalar 9-cu dəfə qarşılaşacaq. Minimal üstünlüyə malik bakılılar son 4 matçda rəqibinə uduzmayıb. AZAL bu komandaya üç dəfə qalib gəldiyi halda, iki dəfə məğlub olub. Daha üç görüşdə isə sülh qeydə alınıb. “Təyyarəçilər” bu rəqibini top fərqində də qabaqlayır – 14:10. “Sumqayıt” ötən mövsüm qalib gələ bilmədiyi bakılılarla dueldə uğursuz gedişata son qoymağa çalışacaq. Bu yolda son turda “Qəbələ” üzərində qələbə yaxşı stimul sayıla bilər. Amma AZAL da “İnter” üzərindəki səfər qələbəsindən sonra autsayderlə dueldə xal itirməyi düşünmür.
İkinci oyun günündə də bir görüş keçiriləcək. “Simurq” “Bakı”nı qəbul edəcək. Daha doğrusu, öz arenası hələlik təmirdə olan Zaqatala klubu Bakı təmsilçisini elə paytaxtda – “Şəfa”da qonaq edəcək. Bakılılar 17-ci dəfə qarşılaşacağı “Simurq”la oyunlarda böyük üstünlüyə malikdi. Xüsusilə də son 6 görüşdə əyalət təmsilçisi qalib gələ bilməyib. Zaqatalalılar son 5 ev oyununda da qalib gələ bilməyiblər. Bu rəqibinə cəmi 3 dəfə qalib gəlmiş bölgə təmsilçisi 6 dəfə məğlubiyyətlə üzləşib. Daha yeddi oyunda isə qalib müəyyənləşməyib. Top fərqində də “Simurq” uduzr – 11:15. Turnir cədvəlində demək olar ki, qonşu olan tərəflərə qələbə çox vacibdi.
Son oyun günündə öncə “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcək. Çempionatlarda 21 dəfə görüşən əyalət təmsilçilərinin matçlarında “Qarabağ” üstünlüyə malikdi. Bütövlükdə isə, yubiley – 25-ci duelədək komandalar 20 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində qarşılaşıblar. Kubokdakı bütün oyunlar heç-heçə bitib və 4 oyunu özündə birləşdirən 2 duelin hər ikisində mərhələ keçən tərəf səfər qolu ilə müəyyənləşib. “Qarabağ” həm 2011/12, həm də 2012/13 mövsümündə mübarizəni davam etdirən tərəf olub.
Komandaların oyunlarının az qala yarısında bərabərlik qeydə alınıb. 24 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətləniblər. Digər 13 qarşılaşmadan 8-də Ağdam, 5-də Qəbələ təmsilçisi qalib gəlib. Rəqiblər son 2 mövsümün hərəsində 6 dəfə üz-üzə gəliblər. Ötən mövsümün ilk duelində qalib gələn “Qəbələ” sonrakı 5 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 3 qarşılaşmada yaşadıqları qol həsrətini qırmağa çalışacaq. 13-cü dəfə rəqibini qəbul edəcək “Qəbələ” öz meydanında 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 13, qonaqlar isə 15 dəfə fərqlənib. Baş tutan bütün matçlarda ümumilikdə 48 qol vurulub. Bu isə orta məhsuldarlığın düz 2,00-a bərabər olması deməkdir. Toplardan 27-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub.
Son tura qədər hər ikisi itkisiz irəliləyən komandalardan “Qəbələ” “Sumqayıt”la oyunda büdrədi. İndi bölgə təmsilçisi “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıdı. Belə olan halda, Yuri Syominin komandası liderlərdən ən azı biri ilə xallarını bərabərləşdirmiş olacaq. Uduzacağı halda isə qəbələlilər 6 xallıq geri düşmək məcburiyyətində qalacaqlar. “Qarabağ” isə Avroliqadakı son uğursuzluğu unutdurmağa çalışacaq.
Bu turun daha bir maraqlı oyunu Lənkəranda keçiriləcək. Burda yeni mövsümə çox uğursuz başlayan “Xəzər Lənkəran” itkisiz irəliləyən əzəli rəqibi “Neftçi”ni qəbul edəcək. 26-cı “Böyük oyun”a “Neftçi” minimal üstünlüklə çıxacaq. Lakin artıq 16 matçdı ki, bu qarşılaşmalarda qonaqlar qalib gəlmir. Bunu sonuncu dəfə 2008-ci ildə bakılılar bacarıblar. 10 dəfə sülhə razılaşan komandaların duellərindən yeddisini cənub, səkkizini paytaxt təmsilçisi qazanıb. Top fərqində də üstünlük “ağ-qaralar”dadı – 24:20. Bakılıları bu oyuna çıxaracaq Tərlan Əhmədovun taleyi Böyük oyundan böyük ölçüdə asılıdı. Çünki qarşısına ilk beş turda, xüsusilə “Xəzər Lənkəran”la oyunda yaxşı nəticə qazanmaq hədəfi qoyulan və belə olacağı halda baş məşqçi təyin edilməsi söz verilən gənc mütəxəssis özünü sübut etməyə çalışmalıdı. Lakin geridə qalan turlarda qələbə qazana bilməyən Con Toşakın da kürsüsü laxlamağa başlayıb və uelsli mütəxəssis bu dəfə də məğlub olsa, komandadan gedişi labüd olacaq.
Nəhayət, turun son oyununda "Rəvan”la "İnter” üz-üzə gələcək. İlk turlarda məğlubiyyətlərlə yadda qalan iki komandanın dueli prinsipiallığı ilə diqqət çəkir. Əvvəla bu, paytaxt klublarının duelidi. Digər tərəfdən uğursuzluq zolağından çıxmağa çalışan tərəflər ilk xalı məhz bu oyunda qazanmaq üçün dəridən-qabıqdan çıxacaq. Komandalar buna qədər aralarında 4 oyun keçirib. Amma “Rəvan” bu rəqibindən xal ala bilməyib. Premyer Liqada iştirak etdiyi 2 il ərzində "Rəvan” cəmi 4 kluba qalib gələ bilməyib. Amma "İnter”dən fərqli, digər 3 komanda (Qarabağ, Simurq və Bakı) ilə görüşlərdə minimum 2 xal toplamaq mümkün olub.
Topaz Premyer Liqası
4-cü tur
23 avqust
19:00. AZAL – Sumqayıt
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “AZAL Arena”.
24 avqust
19:00. Simurq – Bakı
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Şəfa” stadionu.
25 avqust
18:00. Qəbələ – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu.
20:00. Xəzər Lənkəran – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran şəhər stadionu.
20:00. Rəvan – İnter
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Bayıl Arena”.
| 1 | Qarabağ | 3 | 3 | 0 | 0 | 9 | 2 | +7 | 9 |
| 2 | Neftçi | 3 | 3 | 0 | 0 | 7 | 1 | +6 | 9 |
| 3 | Qəbələ | 3 | 2 | 0 | 1 | 6 | 5 | +1 | 6 |
| 4 | AZAL | 3 | 2 | 0 | 1 | 4 | 5 | –1 | 6 |
| 5 | Simurq | 3 | 1 | 1 | 1 | 2 | 1 | +1 | 4 |
| 6 | Sumqayıt | 3 | 1 | 1 | 1 | 4 | 7 | –3 | 4 |
| 7 | Bakı | 3 | 1 | 0 | 2 | 6 | 3 | +3 | 3 |
| 8 | XL | 3 | 0 | 2 | 1 | 1 | 3 | –2 | 2 |
| 9 | İnter | 3 | 0 | 0 | 3 | 4 | 7 | –3 | 0 |
| 10 | Rəvan | 3 | 0 | 0 | 3 | 0 | 9 | –9 | 0 |
Bombardirlər:
3 - Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL).
2 - Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Vaqif Cavadov (İnter), Nikolas Gelaşvili (Qarabağ), Vüqar Əsgərov (Sumqayıt).
