23 avqust 2013 14:25
“Biz elə bil oyunun ipini itiririk”
“İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç klub saytına müsahibəsində bu komandaya keçidi barədə danışıb, “bankirlər”in yeni mövsümə uğursuz başlamasının başlıca səbəblərini nədə gördüyünü açıqlayıb və digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- “İnter”ə keçidiniz necə baş tutdu?
- Mənim “Sibir”lə qüvvədə olan müqaviləm vardı və buna görə daha bir ili Novosibirskdə keçirməliydim. Lakin “İnter”in baş məşqçisi Kaxaber Sxadadze tərəfindən təklif gəldi. Etiraf edim ki, bu klubun mənimlə maraqlanmasını öyrənmək xoş idi. Bilirdim ki, “İnter” iddialı komandadı və yüksək yerlər uğrunda mübarizə aparır. Demək olar hər il avrokuboklarda iştirak edir. Bu fakt məni çox həvəsləndirdi. Düşündüm və təklifi qəbul etdim.
- Bu məlumatları haradan öyrənmişdiniz? İnternetdən, yoxsa Azərbaycanda çıxış edən futbolçulardan?
- Səmimi deyirəm: “İnter” haqqında heç kimdən məlumat almadım. Sadəcə avrokuboklarda iştirak edən klublar arasında “İnter”in adına tez-tez rast gəlirdim. Bir daha təkrar edirəm ki, “İnter” demək olar hər il avrokuboklara qatılır. Buna görə anlayırdım ki, bu komanda hər il yerli birincilikdə yaxşı nəticələr əldə edir.
- Səmimi deyirəm: “İnter” haqqında heç kimdən məlumat almadım. Sadəcə avrokuboklarda iştirak edən klublar arasında “İnter”in adına tez-tez rast gəlirdim. Bir daha təkrar edirəm ki, “İnter” demək olar hər il avrokuboklara qatılır. Buna görə anlayırdım ki, bu komanda hər il yerli birincilikdə yaxşı nəticələr əldə edir.
- Yeri gəlmişkən, “Sibir”də vaxtilə “İnter”də oynamış hücumçu Robertas Poşkus çıxış etmişdi. Ona müraciət edərək klub barədə daha ətraflı məlumat toplamaq istəyi yaranmadı?
- Bəli, mən onu tanıyıram. Poşkus yaxşı oğlandı. Lakin Robertas mən “Sibir”ə gələndə artıq komandanı tərk etmişdi. Buna görə də “İnter” haqqında danışmadıq.
- Siz artıq iki aydı “İnter”in heyətindəsiz. Komanda haqqında nə deyə bilərsiz? Burada gördükləriniz gözlədiklərinizi doğrultdumu?
- Bəli, deyə bilərəm ki, gözlədiklərimi burada gördüm. “İnter” yaxşı təşkilatlanmış peşəkar klubdu. Ayrıca yaxşı qəbula görə uşaqlara təşəkkür etmək istəyirəm. Onlar mənə burada uyğunlaşmağıma kömək etdilər.
- İlk vaxtlar belə bir rəy formalaşmışdı ki, siz məşqçinin nə tələb etdiyini sonadək başa düşmürsünüz və komandanın taktiki sxeminə tam uyğunlaşa bilmirsiniz?
- Bəli, əvvəllər bu, məni narahat edirdi. Axı “İnter” mənim üçün yeni komandaydı. Burada başqa taktika, başqa məşq var və buna alışmaq üçün müəyyən vaxt tələb olunur. İlk vaxtlar mənə bir qədər çətin oldu, lakin indi hər şey yaxşıdı. Əsas odu ki, futbolçu yeni şəraitə, yeni komandaya tez uyğunlaşsın və o zaman hər şey yaxşı olacaq. Bu, həmişə belə olur.
- Məlum olduğu kimi, komandada daha iki cinah müdafiəçisi var, hər ikisi də yerli futbolçudu. Bu üzdən legioner limiti olduğu halda onların start heyətində yer almaq şansları daha yüksək olur. Əsas heyətdə yer almaq uğrunda rəqabət aparmaq üçün özünüzü mübarizəyə hazır hiss edirsinizmi?
- Əlbəttə. Əsas heyətdə mübarizə aparmağa özümü hazırlıqlı hiss edirəm. Hər bir oyunçunun özünəməxsus üstünlüyü var. Hamı özünü istər oyunlarda, istərsə məşqlərdə yaxşı tərəfdən göstərməyə çalışır. Kimin matça daha yaxşı hazır olduğuna və kimin əsas heyətdə yer alacağına baş məşqçi qərar verir.
- Azərbaycanda həm Xorvatiyadan, həm də Balkan ölkələrindən olan futbolçular çıxış edirlər. Bu futbolçulardan kimlərlə ünsiyyət saxlayırsınız?
- “Xəzər-Lənkəran”da çıxış edən Marin Orsuliçlə tanışam. Bundan başqa, vaxtilə “Sibir”də birlikdə oynadığımız, hazırda “Qəbələ”də çıxış edən Nikola Valentiçi yaxşı tanıyıram. “Simurq”un futbolçusu Stepan Polyakın da adını çəkə bilərəm. Bundan başqa, digər futbolçuları da şəxsən tanışam.
- Üç turdan sonra yerli çempionat barədə sizdə hansı rəy formalaşıb?
- Səmimi desəm, bu barədə danışmaq mənə çətindi. Axı cəmi üç tur arxada qalıb. Düşünürəm ki, bu suala ən azı birinci dövrədən sonra cavab verə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycan çempionatı inkişaf edir.
- İlk turlarda “İnter”ə müsbət nəticələr əldə etmək müyəssər olmadı. Belə uğursuz startın əsas səbəblərini nədə görürsünüz?
- Həmin oyunların ilk hissələrində kifayət qədər yaxşı oynadıq. Komanda qol vurdu və kifayət qədər inamlı təsir bağışladı. Lakin fasilədən sonra ssenari dəyişir. Uğursuz nəticələrin başlıca səbəblərinin nədən ibarət olduğunu bilmirəm. Biz elə bil konsentrasiyanı, oyunun ipini itiririk. Amma ümid edirəm ki, növbəti matçda hər şey bizim üçün uğurlu alınacaq və yaxşı nəticə əldə etməyi bacaracağıq.
