23 avqust 2013 16:17
Topaz Premyer Liqası, 4-cü tur: Yunis Hüseynovun proqnozu
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 4-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
AZAL – Sumqayıt
AZAL tədricən özünə gəlir, yaxşı forma toplayıb. “Sumqayıt”ın onları saxlaya biləcəyini düşünmürəm. Bu komandanın “Xəzər Lənkəran”la oyununu görmüşəm. Amma cənub təmsilçisinin indiki durumunu nəzərə alsaq, bu komanda ilə heç-heçə göstərici sayılmamalıdı. Fikrimcə, AZAL qalib gələcək.
Simurq – Bakı
“Simurq” bu mövsüm özünə bənzəmir. Hələlik komandanın heyəti də yüksək yerlər uğrunda mübarizə aparmağa imkan vermir. “Bakı”nın son oyunu isə mənim çox xoşuma gəldi. Yerli oyunçuların heyətdə daha da artması müsbət məqamlardandı. “Rəvan”la oyunun taleyini də məhz onlar həll etdilər. “Bakı” qələbə qazanacaq.
Xəzər Lənkəran – Neftçi
“Xəzər Lənkəran”da bu oyuna qədər nə problemlər var idisə, “Neftçi” ilə oyunda onlar özünü hiss etdirməyəcək. Çünki paytaxt klubu cənublular üçün prinsipial rəqibdi. “Xəzər Lənkəran”ın bazasında böyük oyunlara adətən nəinki futbolçular, məşqçilər, hətta aşpazlar, sürücülər də hazırlaşırlar. Əminəm ki, stadionda anşlaq olacaq. “Neftçi” cənublulardan fərqli, mövsümə daha yaxşı başlayıb. Bu da təəccüblü deyil. Çünki Tərlan Əhmədov futbolçuları çox yaxşı tanıyır. Amma mən bu oyunda “Xəzər Lənkəran”ın qalib gələcəyini düşünürəm.
Rəvan – İnter
“Rəvan” bu mövsüm çox zəif oyun sərgiləyir. “Bakı” ilə oyunda onlar bir dənə də olsun, düşünülmüş hücum qura bilmədilər. İlk iki turda bəxtləri gətirmədisə, son oyunda sadəcə oynaya bilmədilər. “İnter” qalib gələcək.
Qəbələ - Qarabağ
“Qarabağ” çox gərgin qrafiklə oynayır. Bu yorğunluq hər an öz sözünü deyə bilər. Düzdü, iki günə bərpa olmaq mümkündü. Amma “Qəbələ”nin son turda “Sumqayıt”a məğlub olduğunu unutmaq lazım deyil. Mənə elə gəlir ki, bu oyunda meydan sahibləri qələbə qazanacaqlar.
