25 avqust 2013 01:56
Rəvan İnterlə oyuna hazırlığı başa vurdu
Topaz Premyer Liqasının 4-cü turunda "Rəvan” doğma divarlar arasında "İnter” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komanda bu oyun öncəsi "Bayıl stadionu”nda son məşqinə çıxıb.
1 saata yaxın davam edən məşqdə futbolçuların cari mövsüm axır ki ilk qələbəni qazanmaq üçün çox həvəslə çalışdığı hiss olunub. Baş məşqçi Vladislav Qədirovun tapşırıqlarını ürəklə yerinə yetirən komanda üzvləri taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib. Komandanın heyətində Tofiq Mikayılovdan başqa zədəli, eləcə də heç bir cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Ötən oyunu cəza səbəbindən buraxmış Miloş Adamoviç artıq baş məşqçinin sərəncamındadı.
Qeyd edək ki, "Rəvan” – "İnter” oyunu "Bayıl Arena”da keçiriləcək və görüş saat 20:00-da başlayacaq. (klub saytı)
