25 avqust 2013 21:06
Lənkəranda yenə gərginlik var: Azarkeşlər bir-birinə dəydi, ikinci yarı gec başladı
Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” oyununun fasiləsində qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın fasiləsində iki komandanın azarkeşləri arasında gərginlik yaranıb.
Tərəflərin söz və şüar deyişməsi sonda davaya gətirib çıxarıb. İki klubun tərəfdarları bir-birinə müxtəlif əşyalar, eləcə də oturacaqlar atmağa başlayıblar. Cənublu tərəfdarların bakılı azarkeşlərin yerləşdiyi sektora axışdığını görən təhlükəsizlik xidmətinin işçiləri və polislər vaxtında olaya müdaxilə edə və azarkeşləri sakitləşdirə biliblər.
Bu gərginlik üzündən qarşılaşmanın ikinci hissəsi bir qədər gec başlayıb. Belə ki, baş hakim Fariz Yusifov yalnız tribunadakı vəziyyət tam sabitləşəndən sonra qarşılaşmanın ikinci yarısında start verib.
