25 avqust 2013 23:30
Neftçi Lənkəran şəhər stadionunu tərk edə bilmir
Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra müxtəlif xoşagəlməz olaylar yaşanıb. Azerisport.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan görüşdən sonra cənublu fanatlar stadionu tərk etmək istəməyiblər.
Onlar öncə paytaxt klubunun fanatları üzərinə hücum etməyə, onları döyməyə çalışıblar. Lakin təhlükəsizlik xidmətinin içiləri, polislər və əsgərlər onların bu cəhdinin qarşısını alıblar. Buna rəğmən, onlar “Neftçi” fanatlarının üstünə bir neçə yandırıcı maddə atmağa nail olublar.
Cənublu azarkeşlərin hirsi bununla da soyumayıb. Belə ki, lənkəranlılar “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirova da hücum ediblər. Amma onun da döyülməsinin qarşısını polislər və təhlükəsizlik xidmətinin işçiləri alıblar.
Oyunun başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, qonaq komandanın üzvləri, eləcə də oyunu işıqlandırmağa gələn jurnalistlər də matçın keçirildiyi Lənkəran şəhər stadionundan çıxa bilmirlər. Buna səbəb isə əsgərlərdən birinin təhlükəsizlik məqsədilə gözyaşardıcı qazdan istifadə etməsi olub. Məhz bu üzdən qarşılaşmanın bitimindən saat yarım keçməsinə baxmayaraq, jurnalistlər, qonaq komandanın üzvləri və bakılı azarkeşlər hələ də stadionu tərk edə bilməyiblər paltardəyişmə otaqlarında gözləmək məcburiyyətində qalıblar.
