25 avqust 2013 12:27
PFL imtina etdi, Qarabağ Qəbələyə ikinci heyətlə yollandı
“Qarabağ” Topaz Premyer Liqasının 4-cü turunun “Qəbələ” ilə səfər matçının təxirə salınmasını istəsə də, bu, baş tutmayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu istəklə müvafiq qurumlara müraciət də edib.
Bu ideyanı “Qarabağ”ın məşqçilər korpusu ortaya atıblar. Avropa Liqasının pley-off mərhələsində çıxış edən təmsilçimizin hər həftə iki oyuna çıxmasını nəzərə alan müətəxxəssislər futbolçuları bu gərgin qrafikdən azad etmək istəyiblər. Onlar həm də mümkün zədələrin sayının artmasına mane olmaq üçün oyunlardan birinin təxirə salınmasının faydalı olacağını düşünüblər. Hər halda son dövrlər komandanın iki aparıcı futbolçusu – Riçard Almeyda və Reynaldo məhz bu gərgin qrafik səbəbindən sıradan çıxmış oldu. Qarşıda Almaniya “Eintracht”ı ilə cavab matçı olduğundan, komandanın istirahətə ehtiyacı çox idi.
Amma Peşəkar Futbol Liqası ağdamlıların bu istəyini nəzərə almayıb. Bu üzdən də baş məşqçi Qurban Qurbanov Qəbələyə ikinci heyəti aparmağa qərar verib. Ağdam klubu 10 aparıcı futbolçusunu Bakıda saxlayıb. Bunlar əsas heyət üzvləri Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Corc Leroy, Riçard Almeyda, Cumbinyo, Nikolos Gelaşvili və Reynaldodu. Onlar hazırda komandanın fiziki hazırlıq üzrə məşqçisi, bolqarıstanlı Çudomir Çakarovun rəhbərliyi altında Bakıda məşq edirlər. “Qəbələ” ilə görüşdə isə “Qarabağ”ın ehtiyat və əvəzedici heyətin üzvləri çıxış edəcəklər. Əsas heyət üzvlərindən yalnız Qara Qarayev səfərə aparılıb.
Qeyd edək ki, "Qarabağ"ı avqustun 29-da səfərdə "Eintracht"la cavab matçı gözləyir. Bu komanda ilə ilk oyunda təmsilçimiz 0:2 hesabıyla məğlub olmuşdu.
