27 avqust 2013 00:24
Xəzər Lənkəran: Bu hadisə üçüncü qüvvələr tərəfindən həyata keçirilmiş təxribatdı
“Xəzər Lənkəran” futbol klubu Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə ev oyununda baş vermiş olaylarla bağlı açıqlama yayıb. Azerisport.azın məlumatına görə, açıqlamada deyilir ki, bu hadisə əvvəlcədən hazırlanmış və planlaşdırılmış şəkildə üçüncü qüvvələr tərəfindən həyata keçirilmiş təxribatdı:
“Oyundan əvvəl “Xəzər Lənkəran” klubunun təhlükəsizlik xidməti tərəfindən 20-30 nəfər futbol fanatlarını əsla xatırlatmayan bir qrup göz altına alınsa da, onlar izdihama qarışaraq stadiona soxula biliblər. Təəsüf hissi doğuran fakt ondan ibarətdir ki, bu şəxslər özləri ilə stadiona hətta peşəkarçasına hazırlanmış “Molotov kokteyl” tipli yandırıcı maddələr və küt alətlər keçirə biliblər. Öz çirkin niyyətlərini həyata keçirəndən sonra onlar mütəşəkkil qaydada yenidən kütləyə qarışaraq aradan çıxa bilmişlər.
“Xəzər Lənkəran” klubunun rəhbərliyi olaraq xatırlatmaq istəyirik ki, bu stadion dünya standartlarına uyğun Azərbaycanda çox az stadionlardandır ki, iş adamı Mübariz Mənsimov tərəfindən Lənkəran futbolsevərlərinə hədiyyə edilib və heç bir lənkəranlı, xüsusilə də “Xəzər Lənkəran” fanatları öz doğma stadonuna bu cür ziyan vurmazlar və əksinə bu təxribatlarla mübarizədə onların da sıralarından xəsarət alanlar olub. “Xəzər Lənkəran” klubunun rəhbərliyi olaraq baş verənlərdən təəsüfümüzü bildirir və müvafiq orqanlardan xahiş edirik ki, günahkarların tezliklə tapılıb cəzalanmasına, stadiona dəymiş maddi ziyanın ödənməsinə nail olsunlar”. (ANS)
