27 avqust 2013 00:33
Sebastyan 22-ci, Əziz 63-cü oldu
Topaz Premyer Liqasının 4-cü turunda "Rəvan” "İnter”i qəbul etdi. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”dakı matçda “aslanlar” yenə "qara zolaq”dan çıxmağı bacarmadı. Bu komanda hesabı açmasına rəğmən, üstünlüyü sonadək qoruya bilmədi.
Bununla belə, "Rəvan” cari mövsüm ilk qolunu məhz bu oyunda vurdu. Oğlunun doğum günündə fərqlənən Sebastyan Kastro-Telyo həm də komandasının 283 dəqiqə davam edən susqunluğuna son qoymuş oldu. Qeyd edək ki, Sebastyan bununla Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 22-ci futbolçu oldu. Elita oyunlarında bu komanda 86 qol vurub. 1 qol isə Murad Hüseynovun (Qəbələ) avtoqolu sayəsində reallaşıb.
Onu da qeyd edək ki, "İnter”lə oyun “Rəvan”ın yeni transferi Əziz Quliyev üçün debüt matçı oldu. O, Premyer Liqada "Rəvan” forması geyinmiş 63-cü oyunçu kimi tarixə düşdü. Maraq üçün bu nominasiyada artıq komandadan ayrılmış Samuel Barlayın lider olduğunu (56 oyun) bildirək. O, bu baxımdan artıq "Rəvan”da olmayanlar - Tural Axundov (55), Miloş Zeçeviç (49) və hazırkı kapitan Ramazan Abbasovu (49) qabaqlayır.
