27 avqust 2013 11:49
Simurq məşqlərini bərpa etdi
Topaz Premyer Liqasının 4-cü turunda "Şəfa" stadionunda "Bakı"ya məğlub olan “Simurq” bu görüşü unudaraq, növbəti oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bir günlük istirahətdən sonra "Bayıl Arena"da bu gün ilk məşqinə çıxıb.
İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künclərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komanda oyunlara hazırlığı Bakıda keçirir.
"Simurq" yeni ayın ilk günündə Topaz Premyer Liqasının V turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olacaq.
