28 avqust 2013 20:55
Fenerbahçeni Avroliqada Qarabağ əvəzləyə bilər
Qarabağ Xəbər verdiyimiz kimi, Türkiyənin “Fenerbahçe” klubu iki il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, ötən gün Çempionlar Liqasının pley-off mərhələsinin İngiltərə “Arsenal”ı ilə cavab matçında da məğlub olub mübarizəni dayandıran bu komanda əslində Avropa Liqasının qrup mərhələsində mübarizə aparmalı idi.
Amma İdman Arbitraj Məhkəməsinin UEFA tərəfindən bu kluba verilən cəzanı təsdiqləməsi “Fenerbahçe”nin ümumiyyətlə avrokuboklardan kənarlaşdırılması ilə nəticələndi. İndi UEFA Avroliqanın qrup mərhələsində bu klubu kimin əvəzləyəcəyi barədə baş sındırır.
Yayılan xəbərlərə görə, “Fenerbahçe”ni bu mövsüm Avroliqanın təsnifat mərhələsində daha çox xal toplamış, amma pley-offda mübarizəni dayandırmalı olan klub əvəzləyə bilər. Belə olacağı halda, Azərbaycanın “Qarabağ” klubunun da qrup mərhələsində çıxış etmək şansı yarana bilər. Çünki komandamız bu mövsüm çox uğurlu çıxış etsə də, altı oyunda 5 qələbə və 1 heç-heçənin ardından pley-offda Almaniya “Eintracht”ına 0:2 hesabıyla məğlub oldu. Sabah isə bu klublar Frankfurtda cavab oyununa çıxacaqlar.
