28 avqust 2013 14:30
DQR bayrağı Eintrachtın qara siyahısına düşdü
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Eintracht” klubu bu oyunda heç bir erməni təxribatının baş verməsinə imkan yaratmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmiləri bildiriblər.
Qeyd edək ki, Avroliqanın ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə səfər oyununda Ağdam klubu xoşagəlməz halla üzləşmişdi. Belə ki, polşalıların azarkeş qruplaşmalarından birində yer alan ermənilər tribunada tanınmayan Dağlıq Qarabağ Respublikasının bayrağını açmışdılar. Düzdü, həmin bayraq tez bir zamanda stadiondan uzaqlaşdırılsa da, hər halda “Qarabağ” klubu tərəfindən, ümumiyyətlə ölkəmizdə xoş qarşılanmamışdı. Bu üzdən Ağdam klubu hətta UEFA-ya da müraciət etmiş, narazılığını ifadə etmişdi.
“Eintracht”la cavab matçı ərəfəsində almaniyalı azarkeşlərin də bu cür erməni təxribatına aldanması istisna olunmur. Hətta belə təxribatların olacağına dair bəzi açıqlamalar da verilmişdi. Lakin “Qarabağ” rəhbərliyi “Eintracht”dakı həmkarlarına müraciət edərək, bu cür təxribatların baş verməsinin qarşısını almaq üçün onlardan kömək istəyiblər. Nəticədə Frankfurt klubu məhz sözügedən qondarma respublikanın bayrağının “Commersbank Arena”da qaldırılmaması üçün əməli işə keçib. “Eintracht” rəhbərliyinin ilk işi bu bayrağı “qara siyahı”ya salmaq olub. Beləliklə, sabah keçiriləcək oyun zamanı azarkeşlərin heç biri bu bayrağı stadiona keçirə bilməyəcək. Çünki azarkeşləri yoxlayıb içəri buraxan arenanın işçilərinin hamısında bu bayrağın görüntüsü olacaq və onlar belə bir təxribata hazırlaşan şəxsləri vaxtında zərərsizləşdirə biləcəklər.
“Eintracht” klubu onu da bəyan edib ki, əgər kimsə bütün bunlara rəğmən erməni separatçılarının bayrağını arenaya keçirməyə nail olsa, həmin azarkeş vaxtında müəyyənləşdiriləcək və bir daha sözügedən arenaya buraxılmayacaq.
