30 avqust 2013 03:17
Qarabağ 30 klub arasında yeganə xoşbəxt ola biləcəkmi?
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasından uzaqlaşdırılan Türkiyənin “Fenerbahçe” klubunun əvəzində bu turnirdə hansı klubun iştirak edəcəyini püşk yolu ilə müəyyənləşdirəcək. Azerisport.az xəbər verir ki, artıq bu püşkatmada hansı klubların iştirak edəcəyi bəllidi.
Onlardan biri də ötən gecə pley-off mərhələsində Almaniya “Eintracht”ı ilə cavab matçında məğlub olan və mübarizəni dayandırmaq məcburiyyətində qalan “Qarabağ”dı. Monakoda keçiriləcək püşkatma zamanı bəxt Ağdam klubunun üzünə gülsə, təmsilçimiz qrup mərhələsində oynaya bilər.
Amma “Qarabağ”la yanaşı bu xoşbəxtliyə daha 29 klub iddialıdı. Həmin klublar bunlardı:
Molde (Norveç), Spartak (Moskva, Rusiya), Astra (Rumıniya), Dila Gori (Gürcüstan), Aktobe (Qazaxıstan), Nordsjælland (Danimarka), Stuttgart (Almaniya), Kukesi (Albaniya), APOEL (Kipr), Saint-Etienne (Fransa), Atromitos (Yunanıstan), Vojvodina (Serbiya), Udinese (İtaliya), Tromse (Norveç), Petrolul (Rumıniya), Partizan (Serbiya), Nice (Fransa), Hafnarfjordur (İslandiya), Skenderbeu (Albaniya), Nomme Kalju (Estoniya), Pasching (Avstriya), Minsk (Belarus), Zalgiris (Litva), Slask (Polşa), Feyenoord (Hollandiya), Grasshopper (İsveçrə), Dinamo (Tiflis, Gürcüstan), Jablonec (Çexiya), Braga (Portuqaliya).
Qeyd edək ki, “Fenerbahçe” danışılmış oyunlarda adı hallandığı üçün avrokuboklardan 2 illik kənarlaşdırılıb. Bu komanda ilə yanaşı Türkiyənin daha bir təmsilçisi “Beşiktaş”ın da qrup mərhələsinə buraxılmayacağı bildirilir. Belə olan halda türklərə uduzan Norveç “Tromse”sinin qrupa püşksüz buraxılıb-buraxılmayacağı bəlli deyil. İstisna deyil ki, “Beşiktaş” da cəzalandırılsa, onu əvəzləyəcək klub püşklə seçilsin. Lakin böyük ehtimalla “ağ-qaralar” Avroliqadan uzaqlaşdırılmayacaq. Hər halda UEFA-nın rəsmi saytı qrup mərhələsinin iştirakçıları arasında “Beşiktaş”ın da adını qeyd edib.
Sonda onu da diqqətinizə çatdıraq ki, Avroliqanın qrup mərhələsinin püşkü bu gün atılacaq və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
