31 avqust 2013 00:12
Toşakla Syominin ilk dueli, paytaxt derbisi və qardaş qırğını!
Bu gün və sabah Topaz Premyer Liqasında 5-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandalarının oyunları ilə əlaqədar çempionatda yaranacaq qısa fasilə ərəfəsində sonuncu olan turun üç görüşü ilk, qalan matçları isə ikinci oyun gününə təsadüf edəcək.
Cari mövsüm hələ də xala həsrət qalan yeganə komanda - “Rəvan” “Sumqayıt”la üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq komandalar öz aralarında 11-ci oyuna çıxacaq. Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıblar ki, bu görüşlərin səkkizi Premyer Liqa, ikisi isə Birinci Divizion çərçivəsində baş tutub. Statistikaya nəzər saldıqda, “Rəvan”ın böyük üstünlüyü gözə dəyir. Belə ki, “aslanlar” Premyer Liqada "Sumqayıt”la keçirdiyi 8 oyundan 5-də qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də bu komandanın üstünlüyü var – 12:9. Qeyd edək ki, tərəflər yalnız ilk oyunlarında sülhə razılaşıblar. Ondan sonrakı görüşlərdə isə gah bu, gah da digər komanda qalib gələn tərəf olub. “Sumqayıt”ın əldə etdiyi qələbələrin hər ikisi ötən mövsümə təsadüf edir. Birinci Diviziondakı qarşılaşmalara gəlincə, həmin oyunlar 2010/11 mövsümünə təsadüf edib və “Rəvan” ün hər iki oyunda üstün olub – 4:0, 1:0. Lakin bu mövsüm hələ xal qazanmayan, ardıcıl dörd oyundu məğlubiyyətlə üzləşən paytaxt klubunun qalib gələcəyinə inam o qədər də çox deyil. Düzdü, “Sumqayıt” da parlaq oyun sərgiləmir. Komanda keçirdiyi dörd oyundan ikisində uduzsa da, hər halda bir heç-heçəsi və bir qələbəsi var.
İlk oyun gününün digər görüşləri daha maraqla gözlənilir. Qəbələdə eyni adlı komanda “Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu oyun daha çox ölkəmizdə çalışan iki ən ünlü əcnəbi mütəxəssisin – rusiyalı Yuri Syominlə uelsli Con Toşakın dueli kimi maraq doğurur. “Qəbələ” ötən tur olduğu kimi yenə öz meydanında oynayacaq. Qəbələdəki qarşılaşma bu komandalar arasında 21-ci duel olacaq. Belə ki, indiyədək komandalar 18 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində üz-üzə gəliblər. Bu oyunlarda 11 dəfə “Xəzər Lənkəran”, 4 dəfə “Qəbələ” qalib gəlib. Digər 5 matç isə heç-heçə nəticələnib. Top fərqində də cənublular öndədi – 31:17. Komandalar cari mövsümə fərqli start veriblər. “Qəbələ” yeni mövsümdəki iki ardıcıl qələbədən sonra iki dəfə də məğlub oldu. “Xəzər Lənkəran” isə bir oyunda uduzduğu halda, digər üç oyunda heç-heçə edib və hələ ki, qələbəyə həsrətdi. Toşakın komandası bu həsrətinə Qəbələdə son qoymağı arzulasa da, bu, çətin olacaq. Güman ki, Syominin yetirmələri ardıcıl üçüncü məğlubiyyət barədə qətiyyən düşünmürlər.
İlk günün daha bir maraqlı dueli “Neftçi” ilə “Bakı” arasında baş tutacaq. “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək paytaxt derbisinə maraq böyükdü. Cari mövsümə uğurlu start verən son ölkə çempionu yalnız son turun “Xəzər Lənkəran”la səfər oyununda büdrəyib və lider “Qarabağ”ın əsas izləyicisidi. “Zolaqlılar” isə startdakı ardıcıl iki məğlubiyyətdən sonra artıq özünə gəliblər və növbəti qələbə arzusundadılar. Milinko Pantiçin hücum futbolu sərgiləyən komandası qələbələrini adətən darmadağınla əldə edir və bu baxımdan “Neftçi” ilə oyun xüsusi maraq doğurur. Hər halda iki hücum futbolu sərgiləyən komandanın dueli xüsusi diqqət mərkəzində olmaya bilməz.
Son oyun günündə iki görüş baş tutacaq. “Şəfa” stadionunda “İnter” “Simurq”u qəbul edəcək. Bu oyun komandaların 19-cu dueli olacaq. İndiyə qədər baş tutan 18 oyundan 16-sı çempionat çərçivəsində keçirilibsə, 2 matç da ölkə kubokunun payına düşür. “İnter” bu oyunlarda rəqibini 14 dəfə məğlub edib, "Simurq" isə ancaq 3 qələbəyə malikdi. 18 oyundan yalnız biri heç-heçə başa çatıb. Topların fərqi də “İnter”in xeyrinədi - 31:10. “İnter” də cari mövsümə çox uğursuz başlayan komandalardandı. “Bankirlər” startdakı üç oyunda uduzduğundan yalnız sonuncu “Rəvan”la görüşdə qazandığı qələbə sayəsində uğursuz gedişata son qoya bildi. Böyük ehtimalla paytaxt klubu futbol ictimaiyyəti tərəfindən “kiçik qardaş”ı kimi qələmə verilən Zaqatala təmsilçisini də məğlub yola salacaq. Çünki indiki halda “bankirlər”in “qardaş köməyi”nə böyük ehtiyacı var. “Simurq”in isə onsuz da ötən mövsümkü əzəmətindən əsər qalmayıb və komanda bu il qeyri-sabit çıxışı ilə fərqlənir. Georgi Çixradzenin yetirmələri cəmi 1 qələbə və eyni sayda da heç-heçə etdiyi halda, digər iki matçını məğlub başa vurublar. Bu üzdən zaqatalalıların “İnter”lə oyunda qələbə qazanacağına inam azdı.
Daha bir maraqlı görüş çempionatın vahid lideri “Qarabağ”la AZAL arasında keçiriləcək. Hazırda hər iki komanda çox inamla irəliləyir. Ağdam klubu hələ ki, çempionatın maksimum nəticə göstərən yeganə komandasıdı. Qurban Qurbanovun komandası Avropa Liqasındakı çıxışını da dayandırdığından, artıq bütün diqqətini Premyer Liqaya yönəldəcək. “Təyyarəçilər” isə yalnız ilk turda “Neftçi” ilə oyunda məğlub olub. Ondan sonrakı oyunlardan maksimum nəticə ilə ayrılan Vaqif Sadıqovun komandası ilk üçlükdə qərarlaşıb. Paytaxt klubu liderlə oyunda ən azı heç-heçə üçün çalışacaq.
Topaz Premyer Liqası
5-ci tur
31 avqust
18:00. Sumqayıt – Rəvan
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndələri: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18:00. Qəbələ – Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndələri: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.
18:00. Bakı – Neftçi
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
AFFA nümayəndələri: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
1 sentyabr
20:00. Qarabağ – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndələri: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
20:00. İnter – Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov.
AFFA nümayəndələri: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “Şəfa” stadionu.
| 1 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10 | 2 | +8 | 12 |
| 2 | Neftçi | 4 | 3 | 1 | 0 | 7 | 1 | +6 | 10 |
| 3 | AZAL | 4 | 3 | 0 | 1 | 5 | 5 | 0 | 9 |
| 4 | Bakı | 4 | 2 | 0 | 2 | 9 | 3 | +6 | 6 |
| 5 | Qəbələ | 4 | 2 | 0 | 2 | 6 | 6 | 0 | 6 |
| 6 | Simurq | 4 | 1 | 1 | 2 | 2 | 4 | –2 | 4 |
| 7 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 4 | 8 | –4 | 4 |
| 8 | İnter | 4 | 1 | 0 | 3 | 9 | 8 | +1 | 3 |
| 9 | XL | 4 | 0 | 3 | 1 | 1 | 3 | –2 | 3 |
| 10 | Rəvan | 4 | 0 | 0 | 4 | 1 | 14 | –13 | 0 |
Bombardirlər:
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi (AZAL), Baçana Sxadadze (İnter).
