30 avqust 2013 12:04
İnter İtaliya klubundan iki futbolçu gətirdi (FOTO)
“İnter” baxışa iki yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bunlar paraqvaylı qardaşlar – David və Sezar Meza Kollidi.
1988-ci il təvəllüdlü David yarımmüdafiəçidi. O, “L'Escala”nın yetirməsidi. Lakin böyük qardaşın peşəkar karyerası Yunanıstanda - “Atromitos” klubunda başlayıb. 2007-ci ildə bu kluba keçən orta sahə oyunçusu sözügedən komandada cəmi iki oyuna çıxıb. 2007-2008 mövsümündə o, icarə əsasında “Ethnikos”da 16 oyun, 2008-2009 mövsümündə “PAS Giannina”da 15 oyun, 2009-2010 mövsümündə isə “Messiniakos”da 32 oyun keçirib. Məhz sonuncu klubunda çıxış edərkən o, 11 qola da imza atıb.
2010-cu ildə David İtaliyanın “Cesena” klubuna transfer olunub. Amma o, bu komandada elə də çox oyun keçirməyib. 2011-ci ildə “Pavia”ya icarəyə verilən yarımmüdafiəçi bu klubda 36 oyunda 1 qolla yadda qalıb. “Cesena”dakı son mövsüm isə futbolçu üçün o qədər də uğurlu alınmayıb.
Sezara gəlincə, kiçik qardaş 1991-ci ildə dünyaya gəlib. O da böyük qardaşı kimi yarımmüdafiəçidi. 2008-2009 mövsümündə “Real Misano”da 34 oyuna 28 qol vuran bu oyunçu 2009-cu ildən “Cesena”ya məxsusdu. 2012-ci ildə İspaniyanın “Alaves” klubuna icarəyə verilsə də, orda uğursuzluqla üzləşən futbolçu son mövsümü “Pavia”da keçirib – 11 oyuna 3 qol.
