30 avqust 2013 13:14
Ən düşərli rəqibə qarşı
Topaz Premyer Liqasının 5-ci turunda "Rəvan” "Sumqayıt” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq komandalar öz aralarında 11-ci oyuna çıxacaq.
Belə ki, "Rəvan” indiyə qədər "Sumqayıt” ilə 10 dəfə qarşılaşıb. Bu görüşlərin 8-i Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda “aslanlar”ın böyük üstünlüyü gözə dəyir. Belə ki, "Rəvan” Premyer Liqada "Sumqayıt” ilə keçirdiyi 8 oyundan 5-də qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlük var – 12:9. Qeyd edək ki, ilk oyundan sonra bu komandalar heç vaxt "sülh”ə razılaşmayıblar. “Sumqayıt”ın əldə etdiyi qələbələrin hər ikisi ötən mövsümə təsadüf edir. Elə “Rəvan” da 2012/13 mövsümündə 2 zəfər əldə edib. Maraqlıdır ki, “Rəvan” "Sumqayıt”la 4 səfər oyunundan yalnız 1-də uduzub. O da ötən mövsümün sonlarına – artıq turnir cədvəli baxımından heç bir motivasiyanın qalmadığı dönəmə təsadüf edib. Həmin oyuna qədər “Sumqayıt”ın ev oyunlarında “Rəvan”a 1 qol belə vura bilmədiyini xüsusi qeyd edək.
I diviziondakı qarşılaşmalara gəlincə, “Rəvan” bu rəqibini 2010/11 mövsümünün hər iki oyununda üstələyib – 4:0, 1:0.
