30 avqust 2013 13:29
Meyer: Qarabağın oyunu Bakıdakı ilə müqayisədə bu dəfə daha yaxşı alındı
Almaniyanın “Eintracht” klubunun hücumçusu Aleksandr Meyer Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları dilə gətirib:
“Oyun həm bizim, həm də qonaqlar üçün çətin alındı. Deməzdim ki, bizim oyuna köklənməklə bağlı problemimiz var idi. Çünki doğma publika önündə qələbə qazanmaq istəyirdik. Onlar isə bizdən yalnız qələbə gözləyirdilər. Şadam ki, qrup mərhələsinə düşə bildik. Buna ardıcıl iki qələbə ilə nail olmağımız da sevindirməyə bilməz”.
Meyer rəqibin də oyunundan danışıb: “İkinci hissədə bizim çətinliklərimiz daha çox oldu. “Qarabağ” irəli atıldı və hətta qol da vurdu. Braziliyalı futbolçunun qolu həqiqətən gözəl alındı. Amma mən qələbəni əldən verməyəcəyimizə inanırdım”.
“Eintracht”ın forvardı iki oyuna üç qol vurduğu “Qarabağ”a məğlubiyyəti təsəvvür belə etmədiyini bildirib: “Bu komandaya uduzsaydıq, nə olardı? Bunu təsəvvür edə bilmirəm. Bizi heç kim başa düşməzdi. Ona görə bu haqda düşünmürdük. Sonda qalib gəlməyi bacardıq. Artıq bu barədə danışmağın da mənası yoxdu”.
“Qarabağ” yaxşı komandadı. Onlar cəsarətli futbol sərgiləyirlər, ürəkdən oynayırlar. Mənə elə gəlir ki, “Qarabağ”ın Frankfurtdakı oyunu Bakıdakı ilə müqayisədə daha yaxşı alındı. Bu, bir daha göstərir ki, ictimaiyyətin bu komanda ilə bağlı düşündükləri yanlış idi. Çünki püşkatmadan sonra çoxları bildirirdi ki, Azərbaycan komandası adi rəqibdi” – deyə, Meyer Ağdam klubu tərifləyib.
Meyer sonda bunları vurğulayıb: “Biz “Qarabağ”ı yaxşı öyrənmişdik. Ona görə də hər şeyə hazır idik. Qol vurmaq isə mənim işimdi. Nə qədər çox qol vursam, bir o qədər yaxşıdı”.
