1 sentyabr 2013 11:15
Baku United 7 cavabsız qolla UEFA Futzal Kubokunun əsas mərhələsində!
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu avqustun 31-də Polşada UEFA Futzal Kubokunun təsnifat mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda sonuncu oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Baku United”in rəqibi meydan sahibi “Visla” klubu olub.
Hər iki komanda birinci oyunlarında qalib gəldiyindən bu oyunun qalibi birbaşa UEFA Kubokunun əsas mərhələsinə çıxacaqdı. Oyun ərəfəsində “Visla”nın məşqçilər korpusu və oyunçuları Polşa mətbuatına qarşılaşma ilə bağlı bir sıra kəskin və iddialı bəyanatlar vermişdilər. Oyunun keçirildiyi arena isə “Visla Krakov” futbol klubunun çılğın fanatları tərəfindən doldurulmuşdu.
Gərgin şəraitə baxmayaraq Azərbaycan paytaxtının adını daşıyan İngiltərə çempionu rəqibi üzərində 7:0 hesabı ilə parlaq qələbə qazanıb. Oyunun əsas qəhrəmanları isə hərəyə 2 qol vuran Marselo və Arnaldo olub.
Birinci hissə olduqca gərgin idman mübarizəsi şəraitində keçmişdir. Komandalar açıq futbol göstərsələr də, birinci hissədə yalnız bir qol vurulub. Yeganə topu “Visla”nın qapısından “Baku United”in veteran oyunçusu Marselo keçirib.
Lakin ikinci hissədə polşalılar “Baku United”in təklif etdiyi oyun tempinə uyğunlaşa bilməyiblər. Nəticədə qonaqlar rəqib qapısından daha 6 cavabsız top keçirərək 7:0 hesabı ilə inamlı qələbə qazanıblar.
Beləliklə, “Baku United” İngiltərənin futzal tarixində ilk dəfə olaraq UEFA Futzal Kubokunun əsas mərhələsinə yüksəlib. Bununla əlaqədar İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi “Baku United”in prezidenti və “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyevi təbrik edib.
