3 sentyabr 2013 00:35
103 günlük həsrətin sonu
Topaz Premyer Liqasının 5-ci turunda "Rəvan” "Sumqayıt” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun “aslanlar” üçün uğurlu oldu və bu komanda cari mövsümdə ilk qələbəsinə sevindi.
Klub tarixində 125-ci oyuna çıxan "Rəvan” 55-ci qələbəsinə sevindi. Sırf Premyer Liqada isə bu göstərici 69 oyuna 33 qələbədən ibarətdi.
Maraqlıdı ki, Premyer Liqada ardıcıl 3-cü mövsümünü keçirən "aslanlar” hər dəfə ilk qələbə həsrətini 1 tur azaldır. Belə ki, 2011/12 mövsümündə ilk zəfər 7-ci turda (Turan – 1:0) əldə olunmuşdusa, ötən "futbol ili”ndə 6-cı turda ilk 3 xal qazanılmışdı (Qəbələ - 3:1). Bu dəfə isə bakılılar 5-ci turda "siftə” etdilər. Ən maraqlısı da odur ki, bütün hallarda ilk qələbə səfər oyununda əldə olunub.
"Sumqayıt” ilə 11-ci dəfə üz-üzə gələn komanda 8-ci qələbəsini bayram etdi. Maraqlıdı ki, “Rəvan” ötən mövsümün sonlarına təsadüf edən bir oyunu çıxmaq şərtilə bu rəqibini həmişə səfərdə məğlub edib. Özü də hamısını 1:0 hesabı ilə. Birinci divizionda 1 dəfə belə hala rast gəlinibsə, Premyer Liqada artıq 4-cü anoloji hadisə yaşandı.
Sumqayıtda qələbə həsrətinə son qoyan komanda həm də 103 günlük seriyaya son qoydu. Çünki çempionatda son qələbə ötən mövsümün son oyununda – Lənkəranda "Xəzər Lənkəran” ilə görüşdə əldə olunmuşdu. Mayın 20-də baş tutan o qarşılaşmadan sonra isə “aslanlar”c ari mövsümün ilk 4 matçında qələbəyə həsrət qalmışdı.
Artıq 26 oyundu heç-heçə etməyən “Rəvan”da yeganə qolun müəllifi olan Kamil Nurəhmədov klub tarixinə Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 23-cü futbolçu kimi düşdü. Hesabında 1 qol olan Kamil Şəhriyar Rəhimov, Şeriff Suma, Amid Hüseynov, Sallieu Bundu, Ayaz Mehdiyev, Vüsal Qarayev və Sebastyan Kastro-Telyo ilə bərabər durumdadı. Premyer Liqada bu komandanın heyətində ən çox qol vuran futbolçu isə Xuan Manuel Vareadı - 14 qol.
Onu da qeyd edək ki, "Sumqayıt” ilə oyun komandanın yeni transferləri – Aqil Nəbiyev və Cəmşid Məhərrəmov üçün "Rəvan” forması ilə debüt matçı oldu. Onlar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 64-cü və 65-ci oyunçu kimi tarixə düşdülər. Bu baxımdan lider artıq komandadan ayrılmış Samuel Barlaydı - 56 oyun. O, sıralamada artıq "Rəvan”da olmayan Tural Axundovu (55) və hazırkı "17” nömrə Ramazan Abbasovu (50) qabaqlayır. (klub saytı)
