3 sentyabr 2013 00:54
Foqts Ağayevi millimizdən uzaqlaşdırdı, Məmmədova dəvət göndərdi
Futbol üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts “Bakı”nın qapıçısı Aqil Məmmədovu millinin düşərgəsinə çağırıb.
O, “İnter”li həmkarı Səlahət Ağayevi əvəzləyəcək. Məsələ burasındadı ki, Premyer Liqanın 3-cü turunun AZAL-la ev oyununun 10-cu dəqiqəsində ciddi zədə alan bu futbolçu həkimlərin səylərinə rəğmən əvəzlənmək məcburiyyətində qalmışdı. O, hələ də zədəsini sağaltmayıb. Bu üzdən də almaniyalı mütəxəssis Ağayevi yığmadan kənarlaşdırıb. Əvəzində isə “Bakı”nın qapıçısına dəvət göndərib.
Qeyd edək ki, hazırda Məmmədovla yanaşı “Bakı”nın digər qapıçısı Kamran Ağayev və “Sumqayıt”ın qolkiperi Anar Nəzirov da yığmanın düşərgəsindədi. Onların hər biri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qanda keçiriləcək İsraillə səfər matçında meydana çıxmaq şansına malikdi.
