2 sentyabr 2013 13:55
İnter futbolçularına istirahət vermədi
“İnter” Topaz Premyer Liqasının 5-ci turunun “Simurq”la oyunundan sonra futbolçulara istirahət verməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bununla məşqçilər korpusu son oyunda 1:2 hesabıyla uduzan futbolçuları bir növ cəzalandırmaq məqsədi güdüblər.
Qeyd edək ki, qarşıda Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə oyunu var. Bununla əlaqədar yaranan iki həftəlik fasiləyə görə əksər komandalar futbolçularına bir neçə günlük istirahət verib.
Amma “bankirlər” fərqli qərar verib. Komandanın cari mövsümə çox uğursuz başlaması, beş oyundan dördündə məğlub olması rəhbərliyi sərt qərarlar qəbul etməyə sövq edib.
Paytaxt klubu növbəti oyununu sentyabrın 12-də “Neftçi”yə qarşı keçirəcək. Həmin oyunun hazırlıqları isə artıq başlayıb və məşqlər derbidən bir gün öncəyə qədər davam edəcək.
