2 sentyabr 2013 15:20
Bundesliqa klubu Reynaldo ilə maraqlanır
“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo da Silva Almaniya Bundesliqasında yarışan “Hoffenheim” klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Reynado bu mövsüm inamlı çıxışı ilə diqqət mərkəzindədi. Braziliyalı futbolçu Avropa Liqasının təsnifat mərhələsində vurduğu beş qolla komandasının bombardiri oldu. O, həmçinin Azərbaycan Premyer Liqasında da cari mövsüm artıq üç qola imza atıb. Alman jurnalistlər braziliyalı futbolçunun “Eintracht”la Avroliqanın pley-off mərhələsinin təkrar matçında da fərqləndiyini və bu mövsüm uğurlu oyunlar keçirdiyini yazırlar.
Lakin Reynaldonun bu yay Almaniya Bundesliqasına keçidi o qədər də inandırıcı görünmür. Məsələ burasındadı ki, bu gün Avropada transfer pəncərəsi rəsmən bağlanacaq. Ona görə də Reynaldonu bəyənən “Hoffenheim” klubunun rəsmiləri bir də bu transferlə bağlı qışda “Qarabağ”a müraciət edə bilər. (sportal.de)
