3 sentyabr 2013 14:03
Sadıqov, Medvedev və Əliyev yığmamızın məşqində iştirak etmədi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının Bakıda təşkil olunan təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi İsraillə səfər matçına hazırlaşır.
Lakin yığmamız heç də tam heyətlə hazırlıq keçə bilmir. Xəbər verdiyimiz kimi, artıq qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Əfran İsmayılov millidən ayrılmaq məcburiyyətində qalıb.
Onlardan əlavə yığmamızın kapitanı Rəşad Sadıqovla müdafiəçi Maksim Medvedev də bu gün səhər baş tutan məşqdə iştirak etməyib. Əldə etdiyimiz məlumata görə, onlara baş məşqçi Berti Foqts tərəfindən kiçik istirahət verilib. Çünki "Qarabağ"ın üzvləri son dövrlər sıx qrafiklə oynayırlar. Onlarla yanaşı "Bakı"nın forvardı Rauf Əliyev də bu gün baş tutan məşqə qatılmayıb. Onun məşqdə iştirak etməməsinin səbəbi isə dəqiq bilinmir. Mümkündü ki, Foqts ona da istirahət verib.
