3 sentyabr 2013 13:05
AFFA Fariz Yusifova cəza verə bilər
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Sumqayıt” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Ramazan Abbasov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Bu oyuna təyinat alan hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi tələb edilib.
“Bakı” – “Neftçi” matçının 48-ci dəqiqəsində “Bakı”nın futbolçusu Cavid Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə olunub. Oyunun 49-cu dəqiqəsində “Bakı”nın futbolçusu Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
“İnter” – “Simurq” matçı başa çatdıqdan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunublar.
