3 sentyabr 2013 13:41
AFFA Skarlatakeyə verilən sarı vərəqəni ləğv etdi
AFFA İntizam Komitəsi daha bir hakim səhvini təsdiqləyib. Azerisport.az xəbər verir ki, qurum “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatakeyə göstərilmiş sarı vərəqəni ləğv edib.
Belə ki, “Xəzər Lənkəran” klubu İntizam Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan “Qarabağ”la oyunun 60-cı dəqiqəsində Manuel Skarlatakeyə qeyri-idman hərəkətinə görə göstərilmiş sarı vərəqəyə yenidən baxılmasını xahiş edib. Matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Skarlatakeyə göstərilmiş sarı vərəqəni ləğv edib.
Qeyd edək ki, bu oyunda baş hakim Rəhim Həsənov olub. O, həmin epizodda “Xəzər Lənkəran”ın qapısına heç nədən penalti təyin etmişdi. Bir sözlə, AFFA bu gecikmiş qərarı ilə referinin nəticəyə təsir edən səhvə yol verdiyini təsdiqləmiş oldu.
