4 sentyabr 2013 01:43
İnter Elhad Nəziri ilə iki illik müqavilə imzalayır
Xəbər verdiyimiz kimi, “İnter” futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirini heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu futbolçu ilə demək olar ki, tam razılığa gəlib.
Amma tərəflər arasında müqavilənin bir müddət sonra imzalanması gözlənilir. Məsələ burasındadı ki, hazırda Azərbaycan millisinin düşərgəsində olan futbolçu bu gün İsrailə yola düşəcək. Məhz bu üzdən “İnter” Elhadın İsraillə seçmə mərhələ oyunundan qayıtmasını gözləyəcək. Paytaxt klubunun Nəziri ilə iki illik müqavilə bağlamaq istədiyi bildirilir.
Qeyd edək ki, Rumıniyanın “Petrolul” klubundan ayrılaraq vətənə dönən futbolçumuz öncə “Rəvan”la müqavilə imzalamışdı. Amma onun məşqlərə məsuliyyətsiz yanaşdığını iddia edən “aslanlar” qısa müddətdən sonra bu futbolçu ilə yollarını ayırmağa qərar vermişdilər.
