4 sentyabr 2013 17:58
Kəpəzin prezidenti də bəlli oldu
Xəbər verdiyimiz kimi, Azərbaycan futbolunun tanınmış simalarından biri, uzun müddət "Neftçi"nin idman şərəfini qorumuş, məşqçi kimi Gəncənin "Kəpəz" klubuna rəhbərlik etmiş Mehman Allahverdiyev AFFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, o, müraciətində Gəncə futbolunun hazırkı durumundan narahat olduğunu bildirib və Qərb təmsilçisini bu böhranlı vəziyyətdən çıxarmaq üçün konkret ideya və təkliflərinin olduğunu qeyd edib.
M.Allahverdiyev vurğulayıb ki, Gəncəni təmsil edəcək klubun Birinci Divizionda çıxış etməsini, habelə AFFA-nın bayrağı altında keçirilən bütün yaş qrupları üzrə liqalarda komandanın iştirakını təmin etməyə hazırdı və ən qısa zamanda bu istiqamətdə fəaliyyətə başlaya bilər. AFFA rəhbərliyi Mehman Allahverdiyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb və bu işlərin görülməsini ona həvalə edib.
O isə öz növbəsində bu gün səhər saatlarında veteran futbolçu Vidadi Rzayevlə görüşərək baş məşqçi olmağı təklif edib. Uzun müddətdir işsiz olan Rzayev təklifi qəbul edib.
Bundan əlavə Allahverdiyev həm də “Kəpəz”in prezidenti olub. Yəni Rzayevlə də o, məhz klub prezidenti kimi danışıqlar aparıb. Allahverdiyevin “Kəpəz”in prezidenti olmaqla yanaşı Gəncə futbolu ilə bağlı digər problemlərin də həllinə çalışması gözlənilir. Hər halda AFFA ona məhz bu yöndəki ideyalarına güvənərək yaşıl işıq yandırıb.
