5 sentyabr 2013 00:25
İnter rəhbərliyindən daha bir qadağa!
Topaz Premyer Liqasının cari mövsümünə çox uğursuz başlayan “İnter”də cəza dalğası davam edir. Azerisport.az xəbər verir ki, hazırda elitanın ən uğursuz klublarından olan “bankirlər” bu dəfə futbolçuların mətbuatla ünsiyyətinə qadağa qoyublar.
Qeyd edək ki, bundan öncə paytaxt təmsilçisinin futbolçuları istirahətdən məhrum olmuşdular. Futbol üzrə yığma komandaların oyunları ilə əlaqədar Premyer Liqada iki həftəlik fasilə yaranıb. Bu üzdən bütün elita klubları oyunçuları bir neçə günlüyə evlərinə buraxmışdılar. Amma “İnter”in uğursuz çıxış etməsi səbəbindən rəhbərlik onları bu imkandan məhrum edib. Belə ki, 6-cı turda “Neftçi” ilə çətin oyuna çıxacaq “bankirlər” həmin oyuna elə “Simurq”a son turdakı məğlubiyyətdən (1:2) dərhal sonra başlayıblar.
İndi isə klub rəhbərliyi futbolçuların jurnalistlərə müsahibə verməsini qadağan ediblər. Bu qadağaya məhəl qoymayan oyunçuları isə cərimə gözləyir.
Maraq üçün bildirək ki, “İnter” bu mövsüm yalnız “Rəvan”la 4-cü turun oyununda 5:1 hesablı qələbəyə sevinə bilib. “Qarabağ” (1:2), “Qəbələ” (2:3), AZAL (1:2) və “Simurq”la (1:2) oyunlarda isə məğlubiyyət qeydə alınıb.
