4 sentyabr 2013 12:57
Paytaxt klubunda 76-cı qolçu (FOTO)
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “İnter” - “Simurq” matçı bəzi statistik göstəricilərlə yadda qaldı. Azerisport.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində “Simurq”un qapısını dəqiq hədəfə alan “bankirlər”in gənc yarımmüdafiəçisi İlqar Ələkbərov “İnter”in milli çempionatlarda qol vuran sayca 76-cı futbolçusu oldu.
Bu mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulay daxil olmuşdular. Vaqif Cavadov bu mövsüm “İnter”in heyətində birinci olsa da, Ruslan Əmircanov və Brüs Abdulay komandada ötən ildən çıxış edirdilər. Amma onlar Premyer Liqanın 2012-13-cü il mövsümündə qol vurmaqla fərqlənə bildilər.
Qeyd edək ki, “İnter”in heyətində ən yaxşı bombardir Xaqani Məmmədovdu. Onun aktivində 28 qol var. Rəqib qapılarından 6 az top keçirmiş futbolçu uruqvaylı Valter Quqlemondu. Baçana Sxadadzenin avtivində 18, Robertas Poşkusun aktivində isə 14 qol var.
Əlavə edək ki, 2004-cü ildən başlayaraq “İnter” 269 matç keçirib. Komanda 145 oyunda qələbə qazanıb, 71 oyunda heç-heçə qeydə alınıb, 53 qarşılaşma isə “İnter”in məğlubiyyətilə başa çatıb. Bu matçlarda komanda 377 qol vurub, qapısından 188 qol buraxıb. (klub saytı)
