4 sentyabr 2013 15:38
İsrailin yığmamızla oyuna braziliyalı futbolçu milliləşdirmək istəyi baş tutmadı
Futbol üzrə İsrail yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, sentyabrın 7-də Ramat Qanda millimizi qəbul edəcək israillilərin heyətində xeyli itkilər var.
Bu azmış kimi, milliyə dəvət olunanladan da dördü ilk məşqdə iştirak etməyiblər. Bunlar qapıçı Dudu Avat (Mallorca, İspaniya), müdafiəçi Tal Ben-Haim (Standard, Belçika), yarımmüdafiəçilər Bibras Natxo (Rubin, Rusiya) və Lior Rafaelovdu (Brugge, Belçika). Lakin onların qarşıdakı oyunu buraxmaq ehtimalı yoxdu və millimizlə görüşə qədər hazır olacaqlar.
Zədəsi olsa da, millinin düşərgəsində saxlanılan və həkimlərin ciddi səylə sıraya qaytarmağa çalışdıqları yarımmüdafiəçi Maor Meliksonun Azərbaycanla görüşdə meydana çıxması ehtimalı artıb. Düzdü, onun zədəsi hələ tam sağalmasa da, mümkündü ki, bu futbolçu qarşılaşmaya qədər hazır vəziyyətə gətirilsin.
Bu arada baş məşqçi Eli Qutmanın daha bir arzusu gözündə qalıb. Belə ki, o, Azərbaycan və Rusiya ilə oyunlara braziliyalı yarımmüdafiəçi Qustavo Bokkolini də dəvət etmişdi. Lakin İsrailin Xarici İşlər Nazirliyi ona milli pasport verməkdən imtina edib. Bu üzdən də Bokkoli yığmamıza qarşı forma geyə bilməyəcək.
Qeyd edək ki, 1978-ci ildə San Pauloda anadan olan bu futbolçu 2001-ci ildən etibarən İsral klublarında çıxış edir. “Hapoel” (Ramat Qan), “Hakoah” (Ramat Qan), “Maccabi” (Ahi Nazaret) kimi komandaların şərəfini qorumuş braziliyalı hazırda Hayfa “Maccabi”sində çıxış edir.
Maraq üçün bildirək ki, İsrail sentyabrın 7-də Azərbaycan millisini qəbul edib, ayın 10-da Rusiyanın qonağı olacaq.
