7 sentyabr 2013 00:11

İlk qələbə ümidilə sonuncu səfər

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi İsrail seçməsi olacaq.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki səkkizinci oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda məhz İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Halbuki, həmin qarşılaşmanı çox yaxşı keçirən futbolçularımız qələbə də qazana bilərdilər. Ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olan yığmamız Şimali İrlandiya ilə səfərdə sülh (1:1) bağladı. Bu ilin ilk oyununda isə səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olduq. Bu komanda ilə Bakıdakı qarşılaşmada da qələbə qazana bilmədik – 1:1. Portuqaliya ilə ev oyunumuz isə 0:2 hesablı məğlubiyyətlə başa çatdı.
 
Göründüyü kimi, millimiz geridə qalan oyunlarda qələbəyə həsrətdi. İndi Berti Foqtsun yetirmələri 3 xal həsrətinə İsraillə çətin səfər matçında son qoymağa çalışmalıdı. Yeddi oyundan 4-də heç-heçə edən komandamız 3 görüşdə uduzub. Topların fərqi də xeyrimizə deyil – 6:9.
 
İsrail yığması isə cari seçmə tsikldə altı oyununu arxada qoyub. Yığmamızla Bakıdakı heç-heçədən (1:1) sonra bu komanda evində Rusiyaya biabırçı hesabla uduzdu – 0:4. İsraillilər bu acı məğlubiyyətin əvəzini Lüksemburq üzərində səfərdəki 6:0, evdə isə 3:0 hesablı qələbələrlə çıxdılar. Yığmamızın bu dəfəki rəqibinin Portuqaliya ilə ev oyununda isə 6 qol vurulsa da, qalib müəyynələşmədi. İsrail son olaraq Şimali İrlandiya ilə səfər oyununda 2 caabsız qolla qalib gəlib. Nəticədə 11 xalı olan israillilər F qrupunda üçüncü yerdə gedirlər və liderdən 3, ikinci olan ruslardan isə 1 xal geri qalırlar. Qrupumuzun ən məhsuldar komandası olan (15 qol) İsrail yığması öz qapısından 8 top buraxıb.
 
İsrail yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 63-cü yeri tutur. Düzdü, bu dəfəki rəqibimiz nəhəng rəqib təsiri bağışlamasa da, hər halda zəif də deyil. Yəni yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Ən azından ona görə ki, dünya çempionatına çıxmaq iddiasında olan israillilərlə müqayisədə reytinq cədvəlindəki yerinə görə də millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 115-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli geridədi. Amma bu, İsrail yığmasına müqavimətsiz yenilməli olduğumuz anlamına gəlməməlidi. Baxmayaraq ki, qarşılaşma rəqib meydanında keçiriləcək.

İsrail millisinə Eli Qutman başçılıq edir. 55 yaşlı yerli mütəxəssis 2011-ci ildən etibarən bu yığmanı çalışdırır. 1985-ci ildən məşqçilik edən təcrübəli mütəxəssis əsasən İsrail klublarındakı fəaliyyəti ilə tanınır. Onun bu ölkədə çalışdırmadığı çox az komanda var. Qısa müddət ərzində isə Kipr və Yunanıstan klublarında fəaliyyət göstərib.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, İsrail artıq bir neçə dəfə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu oyunların əksəri yığmamız üçün məğlubiyyətlə başa çatıb. Bir sözlə, İsrail Azərbaycan üçün uğursuz rəqiblərdəndi.
 
İlk dəfə bu komanda ilə 1994-cü ildə qarşılaşmışıq. Noyabrın 16-da Trabzonda baş tutan AÇ-nin seçmə mərhələsi çərçivəsindəki görüşdə yığmamız 0:2 hesablı məğlubiyyətlə üzləşib. Xatırladaq ki, həmin dövrdə ölkəmizdəki qeyri-sabitliklə əlaqədar Azərbaycan - İsrail oyunu məhz Türkiyədə baş tutmuşdu. 1995-ci ilin 11 oktyabrına təsadüf edən Təl-Əvivdəki cavab matçında da meydan sahibləri yenə 2:0 hesablı qələbəyə sevinmişdilər. Bu komandalar arasındakı daha bir görüş isə yoldaşlıq görüşü çərçivəsində keçirilib. 2004-cü il, fevralın 18-də Ramat Qanda baş tutan İsrail - Azərbaycan oyunu yığmamız üçün rüsvayçı hesabla nəticələnmişdi – 0:6. İndi komandamız həmin məkanda rəsmi oyunda eyni aqibətlə üzləşməməyə çalışmalıdı.
 
Göründüyü kimi, İsraillə qarşılaşmalar yığmamız üçün əsl sindroma çevrilib. Bu komanda ilə yalnız ötən ilə təsadüf edən DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki ilk oyunumuzda uduzmamışıq. Komandamız bu rəqiblə oyunlarda həm ilk xalına, həm də ilk qoluna məhz Bakıdakı həmin görüşdə sevinmişdi. Bir sözlə, 4 oyuna bu komandadan 10 qol buraxıb, cəmi bir top vurmuşuq. Ümid edək ki, bu dəfə səfər oyununda da uğur qazana biləcəyik.
 
Maraq üçün bildirək ki, İsraillə qarşılaşma həm də yığmamızın bu seçmə mərhələdəki son səfər oyunudu. Komandamızı bundan sonra sadəcə Rusiya və Şimali İrlandiya ilə ev oyunları gözləyir.
 
Azərbaycan millisinin bu günkü matçı həm də 2013-cü ildə səkkizinci oyunu olacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Qətərlə səfərdə keçirdiyi yoxlama oyununda heç-heçəyə (1:1) razılaşan Foqtsun yetirmələri son sınaq matçında da Maltanı Bakıda 3 cavabsız qolla yendilər. Rəsmi oyunlara gəlincə, Lüksemburqla iki heç-heçə (səfərdə 0:0, evdə 1:1) yanaşı Portuqaliyaya məğlubiyyət (0:2) var. Bir sözlə, İsraillə görüş ilin dördüncü rəsmi qarşılaşmasıdı. Həm bu ildə, həm də seçmə mərhələdə ilk qələbənin qazanılması heç də pis olmazdı.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 199-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 36-da qələbə qazanmışıqsa, 52-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 140 qol vurduğumuz halda, öz qapımızdan 342 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 sentyabr
 
22:45. İsrail – Azərbaycan
Baş hakim: Stefan Yohannesson (İsveç).
Ramat Qan. Şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.