6 sentyabr 2013 15:37
Berti Foqts: Üç oyuna necə 10 xal yığmaq olar?
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün İsraildə mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandanın hazırlığından danışarkən bunun üçün kifayət qədər vaxtın olmamasından şikayətlənib.
O, buna kimlərin mane olduğuna dair suala isə konkret cavab vermək istəməyib: “Bu sualı başqa adamlara vermək lazımdı. Mən AFFA-nın işçisi deyiləm. Başqalarından danışmaq istəmirəm. Mənim harda, nə deməyim önəmli deyil. Əsas odu ki, yığmamız İsrail, Rusiya və Şimali İrlandiyaya qarşı uğurlu oyunlar keçirsin. AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən biri qeyd edib ki, hətta yığma son 3 oyunda 10 xal yığsa da, mən millidən getməliyəm. Axı 3 oyunda necə 10 xal yığmaq olar? Əgər bu deyilənlər zarafatdırsa, bunu xarici mətbuata da başa salmaq lazımdı. Əks halda bunu hamı başa düşməz”.
Qeyd edək ki, Foqts barədə həmin fikirləri saytımıza müsahibəsində Kazbek Tuayev dilə gətirmişdi. Görünür, almaniyalı mütəxəssis haqqında bildirilən fikirləri diqqətlə izləyir və bu üzdən son dövrlər daha aqressiv açıqlamalar verir.
