6 sentyabr 2013 17:35
Kapello: Azərbaycanla oyunda sadəcə qalib gəlməliyik
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizlə eyni qrupda yer alan rusların italiyalı çalışdırıcısı bunları söyləyib:
“Fikrimcə, Şimali İrlandiya ilə sonuncu oyunumuzda biz rəqibi lazımınca qiymətləndirməmişik. Bunun məsuliyyəti mənim üzərimə düşür. Meydana yetərincə aqressiv və acıqlı çıxmayanda bizim başımıza gələn hadisələr olur. Güman edirəm ki, Şimalı İrlandiya komandasına qarşı matç bizim hamımız üçün yaxşı ibrət dərsi olub və o, öz xeyrini verəcək. Biz ayrıca hər bir oyunun hesabına baxmalı deyilik, sadəcə olaraq qalan matçların hamısında qalib gəlməliyik”.
İndi F qrupunda elə vəziyyət yaranıb ki, hər hansı səhlənkarlıq itirilmiş xalların sayına görə Rusiyanı lider statusundan məhrum edə bilər. Hazırda Rusiya yığmasının aktivində 12 xal var. Komanda liderlik edən Portuqaliya yığmasından iki xal geri qalır, bundan əlavə, onun bir ehtiyat oyunu var.
Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 16-da Bakıda Rusiya yığmasını qəbul edəcək. Bu qrup mərhələsinin son matçı olacaq.
