8 sentyabr 2013 12:13
AFFA bayraq qalmaqalına münasibət bildirdi
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gecə keçirilmiş İsrail – Azərbaycan matçı qalmaqalla yadda qaldı. Azerisport.az xəbər verir ki, Ramat Qandakı qarşılaşma zamanı israilli fanatlar stadionda Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını qaldırdılar.
AFFA-nın baş katibi Elxan Məmmədov sözügedən məsələ ilə bağlı fikirlərini açıqlayıb. O, saytımıza açıqlamasında bunları söyləyib:
“Bu məsələ diqqətdən kənarda qalmayacaq. Biz artıq bu matçda iştirak edən UEFA nümayəndələrinə arenada qondarma respublikanın bayrağının qaldırıldığını xəbər vermişik. Lazım olan bütün tədbirlər görüləcək”.
Qeyd edək ki, UEFA İntizam Komitəsinin yaxın zamanda bu məsələyə baxması və İsrail Futbol Federasiyasını cəzalandırması gözlənilir.
