9 sentyabr 2013 12:55
Elnur Allahverdiyevi siyahıdan silən Xəzər Lənkəran bu gün məşqləri bərpa edir
Premyer Liqanın son turundan sonra məşqlərə fasilə verməyən "Xəzər Lənkəran" Qəbələdə təşkil olunan təlim-məşq toplanışını 6 sentyabr tarixində başa çatdırdı. Azerisport.az xəbər verir ki, beynəlxalq oyunlarla əlaqədar yaranan fasilə zamanı cənubluların bir sıra futbolçusu milli komandaların heyətində oyunlar keçirib.
Kapitan Rahid Əmirquliyev Azərbaycan yığmasının heyətində İsrailə qarşı oyunda (1:1) gözəl zərbə ilə hesabı açaraq millinin səfər oyunlarında vurduğu 50-ci qolun müəllifi olub.
Yarımmüdafiəçi Nikola Qliqorov isə Makedoniya yığmasının Uels üzərində qələbə qazandığı qarşılaşmada (2:1) start fitindən final fitinə kimi meydanda mübarizə aparıb. Qeyd edək ki, iki gün sonra Makedoniya seçmə mərhələ çərçivəsində Şotlandiya ilə üz-üzə gələcək.
Maraqlıdı ki, bu barədə məlumatı yayan klub saytı artıq İsraillə görüşdə meydana çıxmış Elnur Allahverdiyevin adını çəkməyib. Bu, bir daha futbolçunun klubdan qovulduğunu rəsmi şəkildə göstərir. Lakin Elnurdan fərqli Rasim Ramaldanovun millidəki çıxışı barədə heç bir məlumat verməməsi xüsusi diqqət çəkir. Olmaya, Toşakın çox vaxt ehtiyatda saxladığı Ramaldanov da artıq cənub klubuna lazım deyil?
Bu gün istirahəti yekunlaşdıran komanda axşam məşqi ilə hazırlıqlarını bərpa edəcək.
