10 sentyabr 2013 18:17
Yunis Hüseynov: Görünür, Lippert U-21-lə tərcüməçisiz çalışır
Veteran futbolçu, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
- Millimizin İsraillə görüşdə heç-heçə edəcəyinə inanırdınızmı?
- Düzü, heç-heçə gözləmirdim. Nəticə bir qədər sürpriz oldu. Azərbaycan əzmkarlıq hesabına 1 xal qazandı. Buna görə də futbolçuları təbrik edirəm. İsrail kimi komandayla səfərdə heç-heçə oynamaq yaxşı nəticədi. Hərçənd unutmaq olmaz ki, rəqibin heyətlə bağlı problemi var idi. Üstəlik onlar çox zəif oynadı. Pressinq tətbiq etmədilər. Əlbəttə, zəif oyun rəqibin problemidi. Əsas odur ki, bizim futbolçularımız heç-heçəyə layiq oyun sərgilədilər.
- Sizcə bu nəticə komandanın gələcəyi haqda nikbin düşünməyə əsas verir?
- Bir güllə bahar olmaz deyiblər. Nəticə yaxşıdır, amma bu o demak deyil ki millidə bütün problemlər həll olunub. İsrail səfərdə imkan verdi ki, bizimkilər istədiyi oyunu göstərsin. Futbolçularımızın meydandan canını qoyması sevindiricidi. Lakin rəqibin zəif oynadığını unutmaq olmaz. Rahidin qolu da gözlənilməz alındı. Məncə, elə Rahid özü də qol olacağını gözləmirdi.
- Yəqin ki, bu nəticə baş məşqçi Berti Foqtsun işinə təsirsiz ötüşməyəcək...
- Onun haqda danışmaq istəməzdim. Yığma heç-heçə oynayıbsa deməli futbolçulara təşəkkür düşür. Məşqçi haqda bizim danışmağımız düz çıxmaz.
- Yığmanın son 2 oyunundan nə gözləyirsiniz?
- Rusiya ilə oyun çətin olacaq. Ona qədər britaniyalılarla oynayacaq. Şimali İrlandiya ilə görüş isə İsraildən çətin olacaq. Onların Portuqaliya ilə görüşünə baxmışam. Futbolçuları çox yaxşı oynadı. Səfərdə Şimali İrlandiya ilə 1:1 etməyimiz bizi aldatmasın. Həmin görüşdə bəxtimiz gətirdi. Bakıdakı oyuna daha yaxşı hazırlaşmaq lazım olacaq. Rəqib qələbə ardınca gələcək.
- Gənclərin oyunu haqda nə deyə bilərsiniz?
- Sizcə 2:7 hesabıyla uduzan komandanın oyunu haqda nə deməliyəm. Matçı görməmişəm. Qoy oyun haqda Lippert danışsın. Meydanda mübarizə olmayıbsa deməli komanda oyuna hazır olmayıb.
- Lippert deyib ki, futbolçular onu anlamır, dediklərini yerinə yetirə bilmirlər...
- Lippert 6 ildi komandadı. Bu vaxta qədər nə edib. Ola bilər almanca danışır ona görə də futbolçular onu anlamır. Əgər anlamırsa, qoy onu anlayanları dəvət etsin. Axı komandanı o yığır. Gördüyü iş isə göz qabağındadı.
- Yığmanın futbolçusu Elnur Allahverdiyevin “Xəzər Lənkəran”dan qovulmasını yəqin eşitmisiniz. Bu futbolçu sizin rəhbərliyiniz altında da oynayıb. Allahverdiyevin intizam qaydalarını pozduğu deyilir...
- Elnur meydanda çılğın və bəzi hallarda özünü təxribatdan saxlaya bilməyən futbolçudu. Mənim vaxtımda davranışında problem olmayıb. Döyüşkən oyunçudu. Meydanda canını qoya bilər. Demirəm ki, Elnurdan yoxdu. Sadəcə meydanda sona qədər mübariz aparmağı diqqətə layiqdi. Fikrimcə, bu gün o “Xəzər Lənkəran”a lazımdı. Əgər istəmirlərsə, öz işləridi.
- Allahverdiyev deyib ki, klub tapa bilməsə karyerasını başa vuracaq...
- Yəqin hirsli halda söyləyib. Onun indi çıxarılması bir qədər pis haldı. Belə getsə, “Xəzər Lənkəran”da yerli futbolçu qalmayacaq. Axı limit nəzərə alınmalıdı. Digər tərəfdən Allahverdiyev haqlıdı. Əgər yanvara qədər oynamasa mövsümü itirəcək. Sonradan praktika toplaması və formada düşməsi vaxt aparacaq. O vaxta qədər onun karyerasını davam etdirməyi sual altına düşəcək. Yaxşı olar ki, Elnurun işləri qaydasına düşsün.
