12 sentyabr 2013 00:36
Fasilə bitdi, mübarizəyə davam!
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan 10 günlük fasilə bu gün başa çatır. Azerisport.az xəbər verir ki, mövsümdə ilk dəfə məhz 6-cı turun matçları 4 gün ərzində baş tutacaq.
İlk oyun günündə bir görüş keçiriləcək ki, o da iki paytaxt klubu – son çempion “Neftçi” və “İnter” arasında baş tutacaq. “Neftçi” 36-cı paytaxt derbisi ərəfəsində böyük üstünlüyə malikdi. Son 3 oyunda quru qələbə qazanan “ağ-qaralar” 6 görüşdü ki, rəqibinə uduzmur. Bütövlükdə, ölkə çempionu “bankirlər” üzərində 18 qələbə qazanıb. 11 görüş heç-heçə bitdiyi halda, “İnter” cəmi 6 dəfə qalib gəlib. Topların fərqi də “Neftçi”nin xeyrinədi – 53:28.
Maraq üçün bildirək ki, cari mövsümkü çıxışlarına görə də “Neftçi” hələ ki, “İnter”dən güclü görünür. Düzdü, paytaxt klubu son turda “Bakı”ya 0:3 hesabıyla uduzsa da, geridə qalan beş turda topladığı 10 xalla ilk üçlükdə qərarlaşıb. “İnter” isə cari mövsümdə yalnız bir oyunda qalib gəldiyi halda, qalan bütün görüşlərini məğlubiyyətlə başa vurub. Bu üzdən derbidə “Neftçi”nin şansları daha yüksək qiymətləndirilir.
İkinci oyun günündə də bir oyun keçiriləcək. “İnter” kimi mövsümə çox uğursuz startn verən “Rəvan” lider “Qarabağ”ı qəbul edəcək. Cari mövsüm ev oyunlarında qələbəyə həsrət olan paytaxt klubu 3-cü cəhdində uğursuzluğa son qoymaq niyyətindədi. Ötən tur "Sumqayıt”la matçda əldə edilən qələbə “aslanlar”ı müəyyən qədər ümidləndirə bilər. Amma rəqib cari mövsümə çox yaxşı başlayan Ağdam klubudu. Qurban Qurbanovun komandası son turda gözlənilmədən AZAL ilə görüşdə məğlubiyyətlə üzləşsə də, növbəti dəfə eyni aqibəti yaşamağa hazırlaşmadığı şübhəsizdi.
“Rəvan”la “Qarabağ”ın yolları indiyə qədər 4 dəfə kəsişib. 2 halda heç-heçə edən “Qarabağ” 2 oyunda da qələbə qazanıb. Maraqlı məqam ondan ibarətdi ki, bu komandalar arasındakı hər mövsümün birinci duelində heç-heçə qeydə alınır. İkinci dövrədə isə “Qarabağ” qalib gəlir.
Bir sözlə, “Rəvan” “Qarabağ”la oyunlarda ilk qələbəsini qazanmaq üçün çalışmalı olacaq. Əvvəlki dörd oyunda top fərqi də ağdamlıların xeyrinədi – 6:3.
Şənbə günündə də bir oyun təsadüf edəcək. Cari mövsüm işləri heç də yaxşı getməyən komandalardan biri - “Xəzər Lənkəran” doğma divarlar arasında “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Premyer Liqada 25-ci dəfə qarşılaşacaq rəqiblər daha çox heç-heçə edirlər. Qələbə sayında minimal üstünlük “Bakı”nın tərəfindədi. 11 dəfə heç-heçə edən komandalardan XL 6, “Bakı” 7 dəfə qələbəyə sevinib. Lənkəranlılar isə qol sayında öndədilər – 24:21. Lakin cənublular son 4 matçda qalib gələ bilməyiblər.
Komandaların bu mövsümkü durumu da fərqlidi. İlk iki turda ardıcıl məğlubiyyətlə üzləşən Milinko Pantiçin komandası sonrakı oyunlarının hamısını qələbə ilə başa vurub. Özü də bu qələbələrin böyük hesabla əldə olunması xüsusi qeyd olunmalıdı. “Xəzər Lənkəran” isə hələ də bu mövsüm qələbə qazana bilməyib. Üç heç-heçə sayəsində topladığı 3 xal sayəsində turnir cədvəlinin zirzəmisində qərarlaşan Con Toşakın komandası uğursuz gedişata “zolaqlılar”la görüşdə son qoymağa çalışacaqlar.
Digər iki qarşılaşma isə bazar günü keçiriləcək. “Simurq” Qəbələdə “Sumqayıt”ı qəbul edəcək. Bu, Zaqatala klubunun stadionundakı təmir işlərinin hələ də başa çatmaması ilə bağlıdı. “Simurq” “Sumqayıt”la keçirdiyi bütün oyunlarda qalib gəlib. Bu oyunların sayı isə altıya bərabərdi. Bir xala belə həsrət qalan “Sumqayıt” bütün matçlarda minimal fərqlə uduzub. Təbii ki, topların fərqində də Zaqatala klubu öndədi – 8:2.
Cari mövsümdə hər iki komanda qeyri-sabit çıxışı ilə seçilir. “Sumqayıt” “Simurq”la oyunlardakı uğursuz gedişata son qoymaq üçün çalışacaq. Fasilə zamanı Gürcüstanda təlim-məşq toplanışı keçən Georgi Çixradzenin komandası həmin hazırlığın faydasını elə ilk oyundaca göstərməyə cəhd göstərəcək.
Turun qapanış matçında isə AZAL “Qəbələ”ni qəbul edəcək. 3 ildir “Qəbələ”yə uduzmayan AZAL rəqibi ilə 15-ci dəfə qarşılaşacaq. Bu duellərdə böyük üstünlük bakılıların tərəfindədi. Bu komanda indiyə qədər bölgə təmsilçisini 7 dəfə məğlub edib. Beş qarşılaşmada qalib müəyyənləşməyibsə, “Qəbələ” cəmi iki dəfə qələbə sevinci yaşayıb. AZAL-ın indiki adı altında qəbələlilərə məğlub olmadığını da vurğulayaq. Top fərqi də “təyyarəçilər”in xeyrinədi – 24:10.
Vaqif Sadıqovun komandası bu oyuna “Qarabağ”ın xal itirməsi ümidi və vahid liderlik üçün çıxacaq. “Qəbələ” isə qalib gələcəyi halda, liderlərlə xallarını bərabərləşdirə bilər. Yuri Syominin komandası həm də paytaxt klubu ilə oyunlardakı qələbəsizlik sindromuna da qoymağa çalışacaq.
Topaz Premyer Liqası
6-cı tur
12 sentyabr (cümə axşamı)
19:00. Neftçi – İnter
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bakcell Arena”.
13 sentyabr (cümə)
19:00. Rəvan – Qarabağ
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bayıl Arena” stadionu.
14 sentyabr (şənbə)
19:00. Xəzər Lənkəran – Bakı
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Lənkəran şəhər stadionu.
15 sentyabr (bazar)
17:00. Simurq – Sumqayıt
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Qəbələ şəhər stadionu.
18:00. AZAL – Qəbələ
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. AZAL Arena.
| 1 | AZAL | 5 | 4 | 0 | 1 | 6 | 5 | +1 | 12 |
| 2 | Qarabağ | 5 | 4 | 0 | 1 | 10 | 4 | +7 | 12 |
| 3 | Neftçi | 5 | 3 | 1 | 1 | 7 | 4 | +3 | 10 |
| 4 | Bakı | 5 | 3 | 0 | 2 | 12 | 3 | +9 | 9 |
| 5 | Qəbələ | 5 | 3 | 0 | 2 | 8 | 6 | +2 | 9 |
| 6 | Simurq | 5 | 2 | 1 | 2 | 4 | 5 | –1 | 7 |
| 7 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 4 | 9 | –5 | 4 |
| 8 | İnter | 5 | 1 | 0 | 4 | 10 | 10 | 0 | 3 |
| 9 | XL | 5 | 0 | 3 | 2 | 1 | 5 | –4 | 3 |
| 10 | Ravan Baku | 5 | 1 | 0 | 4 | 2 | 14 | –12 | 3 |
Bombardirlər:
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter).
