11 sentyabr 2013 13:27
Xəzər Lənkəran Bakı ilə oyuna Qliqorovsuz hazırlaşır
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Bakı”nı doğma meydanında qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündü ki, “Bakı” ilə oyunun hazırlığına başlayıb.
Milli komandaların oyunu ilə əlaqədar komandanın düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla geri qayıdaraq məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.
“Xəzər Lənkəran”ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17-nin düşərgəsinə toplanışa çağrılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən davam etdirilir və komanda zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür. (klub saytı)
