11 sentyabr 2013 14:38
Millimizin Şimali İrlandiya və Rusiya ilə oyunları Premyer Liqanın təqvimini dəyişdirdi
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının təqvimində dəyişikliyə əl atıb. Azerisport.az xəbər verir ki, qurumun rəsmi saytı PFL prezidenti Ramun Musayevin bu barədə imzaladığı əmri də açıqlayıb.
Belə ki, futbol üzrə Azərbaycannın əsas milli komandasının DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya yığmaları ilə oyunlara yüksək səviyyədə hazırlaşması və əvvəlcədən təqvimə əlavə olunmuş qeydləri nəzərə alaraq Topaz Premyer Liqasının 9-cu turunun bütün oyunlarının eyni gündə keçirilməsinə qərar verilib. Bu turun oyunları 4-6 oktyabr tarixləri aralığında keçirilməli idi. Lakin məhz yığmamızın maraqları naminə bütün görüşlərin oktyabrın 4-də keçirilməsinə qərar verilib. Belədə, millimiz əlavə iki hazırlıq günü qazanmış olub.
Qeyd edək ki, oktyabrın 4-nə çəkilən oyunlar bunlardı: Qəbələ - Neftçi, Sumqayıt – İnter, Qarabağ – Bakı və Rəvan – Xəzər Lənkəran. AZAL – Simurq görüşü isə elə öncədən də həmin günə salınmışdı.
Onu da xatırladaq ki, yığmamızı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, ayın 15-də isə Rusiya ilə oyunlar gözləyir.
