12 sentyabr 2013 11:19
Topaz Premyer Liqası, 6-cı tur: Vəli Qasımovun proqnozu
Veteran futbolçu Vəli Qasımov Topaz Premyer Liqasının 6-cı turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
Neftçi – İnter
“Neftçi” son matçlarda zəif çıxış etdi, problemlərin olduğu hiss olunur. “İnter”də isə yeni gələn futbolçular hələ də komandaya uyğunlaşa bilməyiblər. Buna görə də “bankirlər” inamlı təsir bağışlamırlar. Hər iki komandaya paytaxt derbisində qələbə çox lazımdı. Amma mən üstünlüyü “Neftçi”yə verirəm. Məncə, qələbəni məhz bu komanda qazanacaq.
Rəvan – Qarabağ
Paytaxt klubuna yeni baş məşqçi gəldiyi üçün komandaya vaxt lazımdı. “Rəvan” son turda qələbə qazansa da, komandada problemlərin olduğu şübhə doğurmur. Oyun planında heç bir irəliləyiş yoxdu. “Qarabağ” isə hazır komandadı. Ağdamlılar bu görüşün favoritidilər. “Qarabağ” üstün olacaq.
Xəzər Lənkəran – Bakı
Hər iki komanda üçün çox çətin oyun olacaq. Con Toşakın komandası sərgilədiyi oyuna görə pis təsir bağışlamır. Son turlarda yaxşı oynayırlar. Sadəcə, cənubluların bəxti gətirmir. Onlar qol vura bilmirlər. Matçın Lənkəranda keçirildiyini nəzərə alsaq, “Xəzər Lənkəran” favoritdi. “Bakı”ya gəlincə, son turda “Neftçi” üzərindəki inamlı qələbə bu komandada psixoloji cəhətdən əlavə üstünlük yaradıb. Ona görə də “zolaqlılar” Lənkərana qələbə üçün gedəcəklər. Mənə isə elə gəlir ki, bu oyunda qalib müəyyənləşməyəcək.
Simurq – Sumqayıt
Zaqatala klubunun heyətində bu yay ciddi dəyişikliklər baş verdi. Buna görə də onlar bəzi oyunları çox zəif keçirdilər. Amma qarşıdakı görüşün favoriti məhz bu komandadı. Düzdü, “Sumqayıt”ın favoritlərlə oyunlarda özünü daim yaxşı tərəfdən göstərdiyini də unutmaq olmaz. Amma bu oyunda onlara çətin olacaq. “Simurq” qalib gələcək.
AZAL – Qəbələ
Vaqif Sadıqovun yetirmələri bu mövsümə yaxşı başlayıblar. Hiss olunur ki, baş məşqçi yaxşı komanda formalaşdırıb. Bu görüşdə də AZAL-dan yaxşı oyun gözləyirəm. “Qəbələ”də də baş məşqçi Yuri Syominin işi hiss olunur. Sadəcə, onun komandası sabit oyun sərgiləmir. Bu oyunda da heç-heçə olacağı qənaətindəyəm.
