12 sentyabr 2013 13:12
Erməni futbolçunun Atletikoya keçidinin qarşısı alındı
Ermənistanın “Mika” klubunun futbolçusu Ayk Qalstyanın İspaniya “Atletiko” klubunun yeniyetmələrdən ibarət komandasına keçidinin qarşısı alınıb. Azerisport.az xəbər verir ki, bu barədə “Mika”nın mətbuat katibi Aşot Martirosyan “news.am”a açıqlama verib.
O bildirib ki, A. Qalstyanın transferi ilə klub rəhbərliyi və futbolçunun atası məşğul olur. “Atletiko”nun bu oyunçunu avqustun 15-də çağıracağı gözlənilsə də, sonradan gözləməsini xahiş ediblər. Lakin heç bir səbəb göstərilməyib: “Ayk yetkinlik yaşına çatmadığından, sənədləşmə işlərinin asanlıqla həlli mümkün deyil. Valideynlərdən biri onunla getməlidir. Bizim futbolçu onların çox xoşuna gəlib. Hazırda gözləmə mövqeyindəyik”.
A. Qalstyanın “Mika” ilə 2014-cü ilədək anlaşması var. Onun keçidi baş tutsa, “Atletiko” Ermənistan klubuna kompensasiya ödəməli olacaq. Lakin Martirosyan məhz kompensasiya üzündən keçidin yubanma variantını təkzib edib: “Bu, ümumi qaydadır və heç bir problem yarada bilməz”.
Qeyd edək ki, “Atletiko”nun baş sponsoru Azərbaycan tərəfidir. Bu səbəbdən, klubun formalarının üzərində “Azerbaijan Land of Fire” (“Azərbaycan – Odlar Yurdu”) sözləri yazılıb. (lent.az)
