15 sentyabr 2013 19:40
Ariflə Saşanın komandasının yarıda qalan oyunu sülhlə bitdi
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Samsunspor”la qarşılaşıb. Məlum olduğu kimi, bu qarşılaşma ötən gecə keçirilmişdi. Lakin oyun yarıda qalmışdı. Belə ki, görüşün 57-ci dəqiqəsində hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən "Dənizli Atatürk" stadionunun işıqlandırma sistemində problem yarandığından hakimlər görüşün yarıda saxlanılmasına qərar vermişdilər.
Bu gün saat 19:00-da sözügedən oyun qaldığı yerdən davam etdirilib. Qalan 33 dəqiqədə tərəflər daha üç qol vurublar. Həmyerlilərimizin komandası son yarım saatda hesabı 2:0-a çatdırsa da, qələbə hesabını qoruya bilməyib. 79 və 89-cu dəqiqələrdə buraxılan qollar “Denizlispor”un 1 xalla kifayətlənməsinə gətirib çıxarıb.
Qeyd edək ki, futbolçularımız bu oyuna start heyətdə meydana çıxmışdılar. Baş məşqçi Serdar Dayat Saşanı sonadək meydanda saxlayıb. Ötən gün başından zədə alan Arif isə bu gün cəmi 10 dəqiqə oynadıqdan sonra – 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Denizlispor” hazırda 4 xalla 12-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
4-cü tur
14 sentyabr
Denizlispor - Samsunspor - 2:2
