16 sentyabr 2013 11:01
Nildo: Penaltinin köməyilə qələbə qazanmadığımıza görə sevinirəm
“Xəzər Lənkəran”ın hücumçusu Franko Nildo azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan “Bakı” ilə oyundan, mübahisəli penaltidən və öz oyunundan danışıb.
- "Bakı" ilə oyunda XL ilk qələbəsini qazandı. Təəssüratlarınız necədi?
- İlk qələbəmizi 6-cı turda qazansaq da, sevinirik. Oyun gərgin keçdi. Matça yaxşı başlamasaq da, istədiyimiz kimi başa vurduq. Rəqib hesabı açmasına baxmayaraq 2 qol vuraraq layiqli qələbə qazandıq. 90 dəqiqə ərzində qol şanslarımız çox oldu. Hesab daha böyük ola bilərdi. İstənilən halda qələbəyə görə sevinirik. Bu uğurda daim komandanın yanında olan azarkeşlərin də rolu var. Fanatlar hər zaman bizi dəstəkləyirlər. Onlara da çox sağ ol deyirəm.
- Bu qələbə nəyi dəyişəcək?
- Son turlar yaxşı oynasaq da, müsbət nəticə qazana bilmirdik. Bakı üzərində qələbə daha inamlı oynamağa imkan verəcək. Sözsüz ki, çoxlu sayda xal itirməyimiz yaxşı hal deyil. Bundan sonra da hər oyuna qələbə üçün çıxmaqla maksimum xal qazanmağa çalışacağıq. Fikrimcə XL üçün hələ heç nə itirilməyib.
- Deməli medal qazanmaq şanslarınızı yüksək qiymətləndirirsiz?
- Əlbəttə. Qarşıda 30 tur var. Bu isə 90 xal deməkdi. Kim deyə bilər ki, növbəti turlarda komandalar necə oynayacaq? Bu gün üçün hər şeyi dəyişmək imkanı var. Sadəcə meydana çıxıb öz oyununu göstərmək lazımdı. “Bakı” üzərində qələbədə əsas pay sahibi komanda oyunu oldu. Biz birlikdə güclü olduğumuzu göstərdik. Əsl mehriban komanda kimi oynayaraq meydanı qalib tərk etdik. Növbəti matçlarda da belə olması lazımdı.
- Penalti epizodu barədə nə deyə bilərsən? Çoxları orda qayda pozuntusunun olmadığını düşünür...
- Oyunun videoyazısına baxmamışam. Amma penaltiylə qələbə qazanmadığımıza görə sevinirəm. Ona görə penaltini müzakirə etmək o qədər vacib deyil. Biz oyundan fərqləndik, özü də yaxşı qol vurduq. Penaltidən qələbə qazansaydıq müzakirə etmək olardı.
- Sənin penaltini vura bilməməyin psixoloji cəhətdən hazır olmadığını göstərir, yoxsa?
- Karyeramda ilk dəfə rəsmi oyunlarda penaltini vura bilmədim. Özüm də bilmədim necə alındı. Topa yaxınlaşanda zərbə vurmaq istiqamətini dəyişdim. Bəlkə də ona görə qol vura bilmədim. Top qapıçının istiqamətinə tərəf getdi. Çox pərişan oldum. Amma yenə deyirəm ki, rəsmi oyunlarda heç vaxt penaltini qaçırmamışam.
- Ötən il AZAL-da oynayan Nildo daha inamlı təsir bağışlayırdı...
- Sözsüz ki, bu barədə çoxlu fikirlər olur. Mən həmişə oynadığım komanda üçün maksimum güc sərf etməyə çalışmışam. Bu gün də “Xəzər Lənkəran” üçün əlimdən gələni etməyə hazıram. Komandamın uğurunda rolum olsa, çox sevinərəm. Ola bilər müəyyən mənada özümü tam göstərməmişəm. Amma qarşıdakı turlarda daha yaxşı oyun sərgiləyəcəyim üçün çox çalışacağıma inana bilərsiniz.
- Növbəti tur səfərdə AZAL komandasıyla mübarizə aparacaqsınız...
- AZAL kifayət qədər güclü komandadı. Çempionata yaxşı başlayıblar. Hər oyuna qələbə üçün çıxdığımızdan səfərdə də 3 xal üçün oynayacağıq. Artıq xal itirmək limitimiz tükənib. Yalnız qələbə qazanmaq lazımdı.
