16 sentyabr 2013 13:51
Paytaxt klubunun yubiley matçı
"Rəvan” Topaz Premyer Liqasının 6-cı turunda "Qarabağ” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da keçirilən və 1:1 hesabı ilə yekunlaşan qarşılaşma bir sıra maraqlı məqamları ilə yadda qaldı.
İlk növbədə “Rəvan”ın Premyer Liqada yubiley oyununu keçirdiyini vurğulamalıyıq. Belə ki, komanda elitada 70-ci görüşünü keçirdi. Öncəki iki mövsümün hər birində 32 matça çıxmış "aslanlar” cari "futbol ili”nin 6-cı qarşılaşmasında yubileyə çatdı. Bu görüşlərdə komanda 23 qələbə əldə edib, 31 dəfə məğlub olub. Daha 16 oyun isə heç-heçə başa çatıb. Topların fərqi isə belədi – 88:108. Bu görüşlərdə paytaxt klubu 85 xal toplayıb.
"Rəvan” Premyer Liqada oynadığı ardıcıl 3-cü mövsümdə də "Qarabağ” ilə ilk oyununu heç-heçə başa vurdu. Komanda 2011/12 mövsümündə evdə 1:1 oynamışdısa, ötən "futbol ili”ndə rəqib meydanında qolsuz "sülh” qeydə alınmışdı. Tendensiya davam etdiyindən bu dəfə də bərabərlik qeydə alındı.
Bu isə “Rəvan”ın heç-heçəsiz oyunlar seriyasının qırılmasına gətirib çıxardı. Belə ki, bu komanda sonuncu dəfə ötən mövsümün 11-ci turunda, oktyabrın 31-də "Turan”la "sülh” bağlamışdı - 2:2. Bu müddətdə 26 oyunda heç-heçənin nə olduğunu bilməyən komanda 317 gündən sonra bərabərliyə razılaşdı. "Rəvan” həm də Azərbaycan çempionatlarının tarixində 7-ci nəticəyə imza atıb. Belə ki, "Şəfa” 51, "Gənclərbirliyi” 32, "Turan” 28, "Kür-Nur” 27, "Neftçi” və "Şirvan” (Şamaxı) isə elə "Rəvan” kimi 26 oyunluq seriyaya malikdi.
Ardıcıl 3 oyundu hesabı açan “Rəvan”ın "Qarabağ” ilə görüşünün digər diqqətçəkən məqamı qadın hakimin idarəçiliyi oldu. Belə ki, Səbayel Qurbanova cari mövsüm Topaz Premyer Liqasında baş hakim funksiyasını yerinə yetirən ilk xanım referi oldu. Maraqlıdır ki, Azərbaycan çempionatlarının 21 illik tarixində 3-cü dəfə komandaları meydana qadın hakim çıxarıb və bütün bu hallarda iş başında məhz Qurbanova olub. O, daha öncə 2010/11 mövsümündə "Muğan”ın 2 oyununu (Simurq 3:0, MOİK 1:0) idarə etmişdi.
