16 sentyabr 2013 15:35
“Bu heç-heçəni şişirtmək lazım deyil”
“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Rəvan"la oyunda rəqibin erkən qol vurması sizə nə dərəcədə təsir etdi?
- Erkən qol gözlənilməz alındı. "Rəvan"ın qoluna inanmırdıq. 90 dəqiqə ərzində 1 hücum etdilər, həmin zərbə də qol oldu. Oyuna baxanlar rəqibin bundan sonra heç nəylə yadda qalmadağını gördülər. Sözsüz, qol buraxandan sonra oyunumuz dəyişdi. İrəli atılaraq bərabərliyi bərpa etməyə çalışdıq. Meydan sahiblərinin müdafiədə yaxşı oynaması işimizi korladı. Məncə, "Rəvan"ın erkən qolu sadəcə bəxt amili ilə bağlıydı.
- Yəni, 1:1 hesabı oyuna görə deyildi?
- Hesab oyuna görə olmadı. "Qarabağ" rəqibdən yaxşı oynadı və çoxlu sayda qol vəziyyəti yaratdı. Sadəcə qol vurmaqda çətinlik çəkdik. Əgər bir qədər dəqiq olsaydıq, qələbə bizim olacaqdı. Rəqib ancaq top buraxmamaq barədə düşünürdü. Bizimlə oyunda onlar 1 xal qazandı. Əslində isə biz layiq olduğumuz 2 xal itirdik. Oyun baxımında rəqibə uduzmadıq. Məhz buna görə də "Rəvan"ın sadəcə bəxti gətirdiyini deməliyəm.
- Qurban Qurbanov bəzi yığma üzvlərinə istirahət vermişdi. Bəlkə onların yoxluğu təsirini göstərdi?
- "Qarabağ" üçün hər futbolçu vacibdi. Meydana çıxan futbolçular da bu komandanın üzvləridi. Bəlkə də hardasa təsiri oldu. Amma futbol kollektiv oyundu. Komanda 1-2 futbolçudan asılı ola bilməz. Fikrimcə yaxşı oynadıq, yalnız bəxtimiz gətirmədi. Erkən qol olmasaydı, tam başqa futbol olacaqdı. İtirilən 2 xala görə komandanı pis oyunda günahlandırmaq olmaz.
- Qarabağ AZAL-a uduzandan sonra “Rəvan”la heç-heçə oynadı. Adətən avrokuboklardakı oyunlardan sonra yorğunluq yaranır. Bəlkə bu baxımdan çətinlik var?
- 2 oyunda 5 xal itirməyimiz pis haldı. Yüksək yerlər uğrunda yarışan komanda üçün böyük itki sayıla bilər. Çempionatın əvvəlində bütün komandalar xal itirir. Yorğunluq olsa belə futbolçular peşəkardı. Meydana çıxaraq qələbə qazanmaq bizim işimizdi. Fikrimcə, “Qarabağ”da heç bir problem yoxdu. Bir qədər səhvlərimiz oldu və ona görə son oyunlarda xal itirdik. Lakin artıq yetər. Növbəti turda əsl “Qarabağ”ı görəcəksiniz.
- Ümumiyyətlə yığma üzvlərinin millidən qayıtması daim komandaya problem yaradır. Çempionat ərzində də əsas oyunçuların yorğun olması oyunlarda özünü göstərir...
- Yığmadan qayıdan futbolçuların yorğun olmasına öyrəşmişik. Milli komanda ölkənin əsas komandasıdı. Hər bir futbolçumuz millidə çıxış etmək arzusundadı. Bu mənada Qarabağ problemlərini həll etməyi bacarmalıdı. Əvəzolunmaz futbolçu yoxdu. Bu gün hər hansımız zədələnsək, onu əvəz edən futbolçu var. Bu mənada “Rəvan”la heç-heçəni şişirtməyin əleyhinəyəm.
- Növbəti tur “Simurq”la mübarizə aparacaqsınız...
- Artıq çempionatda zəif komanda yoxdu. “Simurq” kifayət qədər güclü klubdu. Rəqiblərə problem yarada biləcək heyəti var. Xal itkilərinə son qoymalıyıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Başqa nəticə bizi qane etməyəcək. Gərək yaradılan hər təhlükəli vəziyyətdən qol vurmağı bacaraq.
- Bu mövsüm azarkeşlər sizdən çempionluq gözləyir. Rəhbərlik qarşıya hansı məqsədi qoyub?
- “Qarabağ” hər il yüksək yerlər uğrunda mübarizə aparır. Bu il də istisna deyil. Əlbəttə, medallar uğrunda yarışacayıq. Qızıl medalın olması daha yaxşı haldı. Komandamız hər oyuna qələbə üçün hazırlaşacaq. Çox istəyərdim ki, mövsümün sonunda Qarabağ çempion olsun. İndi bu barədə danışmaq hələ tezdi. Əminəm ki, rəqabət əvvəlki mövsümdən daha çətin olacaq.
