17 sentyabr 2013 12:55
Syomin, Emin Quliyev və Zeynal Məmmədova 5 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “İnter” oyununun 76-cı dəqiqəsində “İnter”in baş məşqçisi Kaxaber Sxadadze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində “İnter”in futbolçusu Abdulla Abatsiyevlə “Neftçi”nin futbolçusu Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyunluq cəzalanıb, klubları 200 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında ardıcıl ikinci dəfə iştirak etmədiyi üçün klub 2000 manat cərimə olunub.
“Rəvan” – “Qarabağ” matçının 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 8-ci dəqiqəsində “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırldığı üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Matçın fasiləsi zamanı “Bakı”nın baş meneceri Zeynal Məmmədov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Amit Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
