18 sentyabr 2013 15:23
Simurq Qarabağla oyunun hazırlıqlarına start verdi
Topaz Premyer Liqasının son iki turunda qələbə qazanmağı bacaran "Simurq" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, dünən komanda Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında "Qarabağ"la oyunun hazırlıqlarına start verib.
İki saata yaxın davam edən çalışmadan öncə baş məşqi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət aparıb. Bundan sonra futbolçular qısa məsafəli qaçış və isinmə hərəkətlərilə məşqə başlayıb.
Hazırlığın davamında isə məşqçilər korpusu futbolçuları iki qrupa ayırıb. "Sumqayıt"la oyunun əsas vaxtlarında meydanda olmuş futbolçular hazırlığı ayaq tennisi oynamaqla davam etdirib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Taktiki çalışmalardan sonra isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Komanda bu gün isə iki məşqə çıxacaq. Səhər fitness zalda çalışmaları davam etdirən Zaqatala təmsilçisi axşam saatları üçün planlaşdıran hazırlığı isə toplu təmrinlərdən ibarət olacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Simurq" oyunu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.
