20 sentyabr 2013 12:41
Azərbaycanın AÇ-2020-yə ərizəsinin qələbəsi Bakıya Olimpiada uğrunda mübarizədə kömək olacaq
Bakının futbol üzrə AÇ-2020-nin final mərhələsinin keçiriləcəyi şəhərlərdən biri seçilməsi, gələcəkdə paytaxtımızın yay Olimpiya oyunlarına ev sahibliyinə kömək edə bilər. Azerisport.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib:
“Bakının Avropa çempionatının final mərhələsi şəhərlərindən biri seçilməsi Azərbaycan paytaxtının üçüncü dəfə yay Olimpiya oyunlarına namizədliyinə təkan verə bilər. Bu, bir çox təminat verməklə yanaşı, bəzi adamların şübhələrini puç edəcək”.
Qeyd edək ki, əvvəllər Bakı yay Olimpiya oyunlarının keçirilməsi üçün iki dəfə namizədliyini irəli sürsə də, BOK bu namizədliyi təsdiqləməyib.
UEFA gələn ilin sentyabrında AÇ-2020-nin keçiriləcəyi 13 şəhəri seçəcək. Bu gün isə namizədlərin siyahısının elan ediləcəyi gözlənilir. Bakı da bu siyahıda yer alıb.
Bakının ərizəsində stadion qismində tikintisi 2015-ci il Avropa oyunlarının startına qədər yekunlaşacağı planlaşdırılan Olimpiya stadionu göstərilib.
Elxan Məmmədov həmçinin bildirib ki, AÇ-2020-nin oyunlarına qonşu ölkələrdən - Rusiya, Gürcüstan, Qazaxstan, Türkmənistandan turistlərin gələcəyinə ümid edir: “Biz hansı regional zonada olmağımızı və hansı üstülüklərin olduğunu nəzərdən keçirməliyik”.
