20 sentyabr 2013 16:02
Azərbaycan kubokunun finalçısı Avroliqaya buraxılmayacaq
Xorvatiyada keçirilən UEFA İcraiyyə Komitəsinin son iclasında UEFA Avropa Liqasının formatı ilə də bağlı müzakirələr aparılıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu bu turnirlə bağlı yeniliyə əl atıb.
Belə ki, UEFA İK 2015/16 mövsümündən etibarən Avroliqada dəyişiklik edəcək. Dəyişikliyə əsasən həmin mövsümdən etibarən ölkə kubokunun qalibi Çempionlar Liqasına vəsiqə qazanıbsa, finalda ona uduzan komanda avrokuboklara vəsiqə qazanmayacaq. Həmin vəsiqə avtomatik olaraq ölkə çempionatında daha yüksək yer tutan, lakin qitə miqyaslı turnirə yüksəlməyən komandaya qismət olacaq.
UEFA həmçinin bundan sonra qitə miqyaslı turnirlərdə futbol qurumunun yeni üzvü Cəbəllütariqin də təmsil olunmasına icazə verib. Belə ki, bu ölkə həm Çempionlar Liqasında, həm də Avropa Liqasında bir klubla təmsil olunmaq şansı qazanıb.
